Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət

Balakən

Şəki Regional Mədəniyyət İdarəsinin Balakən bölgəsi 1951-ci ildən 1954-cü ilə qədər Kinolaşdırma idarəsi, 1954-cü ildən isə mədəniyyət şöbəsi kimi fəaliyyət göstərməyə başlamışdır.

Hazırda Balakən rayonunda Mədəniyyət Mərkəzi və 19 klubtipli mədəniyyət müəssisəsi, Tarix-Diyarşünaslıq muzeyi, Heydər Əliyev Mərkəzi, Bülbül adına uşaq incəsənət və Qabaqçöl qəsəbə musiqi məktəbləri,  mərkəzi kitabxana 1 şəhər, 20 kəndkitabxana filialını  özündə birləşdirən MKS fəaliyyət göstərir.

Balakəndə 27 millətin nümayəndəsi yaşayır. Balakən müxtəlif millətlərin  mehriban şəkildə yaşadığı rayondur. Rayonda yaşayan hər bir millətin adət-ənənəsi, mədəni irsinin qorunub saxlanılması və təbliğ edilməsi daima diqqət mərkəzində saxlanılır. Milli azlıqlar içərisində üstünlük təşkil edən avar xalqına məxsus Qaysa kənd mədəniyyət evində “Cahan” folklor ansamblı, Qabaqçöl qəsəbə folklor klubunda “Qubek” rəqs qrupu, ingiloylar yaşayan İtitala kənd mədəniyyət evinin nəzdində isə “Şəlalə”  və “Nənələr”  folklor qrupları fəaliyyət göstərir. Bu kollektivlər Mədəniyyət Nazirliyinin qeyri-maddi mədəni irsimizin, eləcə də ölkədə yaşayan azsaylı xalqların toplumlarının mədəniyyət nümunələrinin qorunması, tanınması istiqamətində il ərzində keçirdiyi bütün layihələrdə, beynəlxalq və respublika miqyaslı festivallarda fəal iştirak edərək rayonumuzu layiqincə təmsil etmiş, dəfələrlə diplom, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

“Nənələr “ folklor  qrupu 1991-ci ildən fəaliyyətə başlamışdır. İngiloylara məxsus qədim rəqslərə yenidən həyat vermək, həmçinin zəngin folklor nümunələrimizi milli mədəni dəyərlərimizi  gələcək nəsillərə çatdırmaqda böyük rolu olan “Nənələr” folklor qrupunun çıxışları həmişə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.

Avarlardan ibarət “Cahan” folklor rəqs kollektivi 2011-ci ildə Xalq kollektivi adını almışdır. 2016-cı ildən isə Mədəniyyət Mərkəzində “Qubek” rəqs  kollektivi və “Buta” folklor qrupu yaradılmışdır. Bu kollektivlərin fəaliyyəti dəfələrlə Aztv, İctimai tv, Space, Atv, Xəzər və digər televiziya kanalları tərəfindən işıqlandırılmışdır.

Yaranma tarixi 7-8 minilliklər əhatə edən tambur Balakən rayonunda da bu günə qədər qorunub saxlanmaqda davam edir. Özünəməxsus milli musiqi aləti olan iki simli tamburdan el şənliklərində, tütün, yun, qarğıdalı və fındıq təmizlənən iməciliklərdə istifadə olunur. Tamburun müşayəti ilə həm kişilər, həm də qadınlar haylalar söyləyir, Balakənə məxsus yerli rəqsləri ifa edirlər. Bu adət-ənənə rayonun Mahamalar, Tülü, Talalar kəndlərində, Qabaqçöl  qəsəbəsində qorunub saxlanılır. Toy məclislərinin sonrakı günü, adət-ənənlərimizə görə “Təzə gəlin süzən çayı içmək” üçün gələn qohumlar tamburun müşayiəti ilə əylənirlər. Keçən əsrin 30-cu illərindən Balakənli söz ustası, Azərbaycan aşıqlarının I qurultayının  iştirakçısı tambur alətinin ən mahir ifaçılarından biri olan aşıq Sənəmin haylaları (bayatıları) hələ də dillər əzbəridir.
Rayonda dəmirçilik, papaqçılıq, toxuculuq və bədii tikmə,  ağac və daş üzərində oyma, ipəkçilik, sərraclıq, təkəlduzluq, duluzçuluq və zərgərlik kimi xalq sənətkarlıq nümunələri geniş yayılmışdır. Öz sənətini nəsildən-nəsilə ötürən el sənətkarları indi də həmin sahələrə aid ən gözəl sənət nümunələrini hazırlayırlar.

Balakənin təkrarolunmaz, özünəməxsus milli kulinariyası vardır. Sac üzərində bişirilən, günəş rəmzi daşıyan maxara, toyuq çığırtması, iribuynuzlu heyvan içalatından hazırlanan ev kolbasası (bağırsaq dolması adlanır), ət, şor, qabaq (boranı) xəngəlləri, ət, şor, gicitkən, qabaq qutabları (yerli dialektdə xitab adlanır), soğança, boş xəngəl ancaq Balakənli qadınlar tərəfindən ustalıqla hazırlanıb bişirilir.
Xörəklərin bir çoxunun hazırlanmasında becərilən yerli ədəvadan (ət otundan) geniş istifadə olunur.

Rayonda dağ yamaclarında bitən xüsusi növ kəkotundan (xinçi adlanır) təzə və qurudulmuş cökə çiçəklərindən dəmlənən çay soyuqdəymə, zökəm, baş ağrıları, ümumhalsızlıq kimi xoşagəlməz fəsadları aradan qaldırmaqda əvəzsiz vasitələrdir.

Balakən rayon Mədəniyyət evi 1960-cı ildən fəaliyyət göstərir. Mədəniyyət Mərkəzinin nəzdində 2 şəhər klubu, 17 klubtipli kənd mədəniyyət müəssisəsi müxtəlif profillər üzrə, məsələn diyarşünaslıq, folklor, sənətkarlıq fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən rəqs, dram, bədii-qiraət, mahnı, gitara dərnəklərində ayrı-ayrı yaş qrupundan olan üzvlər içərisində  gənclər üstünlük təşkil edir.

Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən kollektivlər rayonda keçirilən tədbirlərdə, tarixi-əlamətdar günlərdə və bayramlarda, yubiley və mərasimlərdə fəal iştirak etməklə yanaşı gənclərin və rayon əhalisinin asudə vaxtlarını səmərəli  keçməsi üçün  maraqlı tədbirlər həyata keçirirlər. Milli azlıqlar içərisində üstünlük təşkil edən avar xalqına məxsus Qaysa kənd mədəniyyət evində “Cahan” folklor ansamblı , Qabaqçöl qəsəbə folklor klubunda “Qubek” rəqs qrupu, ingiloylar yaşayan İtitala kənd mədəniyyət evinin nəzdində isə “Şəlalə”  və “Nənələr”  folklor qrupları fəaliyyət göstərir. Azərbaycan “Doğma diyar” azsaylı xalqların festivalında “Nənələr” folklor və “Qubek” rəqs qrupu uğurla çıxış etmiş Mədəniyyət və Turizm Nazirliyinin diplomu ilə təltif olunmuşdur. “Cahan” folklor ansamblı 2011-ci ildə “Xalq kollektivi” adını almışdır. Azsaylı xalqların mədəni irsinin qorunması ilə yanaşı milli musiqimizin təbliği də daim diqqət mərkəzindədir. Beləki, 1 saylı şəhər diyarşünaslıq klubunda yaradılmış “Kaman” –muğam üçlük qrupu rayonumuzda keçirilən el şənliklərində, Novruz bayramında fəal iştirak edirlər. Mədəniyyət Mərkəzində istedadlı gənclərin üzə çıxarılması məqsədilə il ərzində  incəsənətin ayrı-ayrı sahələrini əhatə edən “İstedadlar sorağında” müasqibələr keçirilir.

2014-cü ildə Azərbaycanın “Folklor paytaxtı” “Folklor paytaxtı” seçilməsi bölgədə mədəni zənginliyə verilən yüksək qiymət olmaqla yanaşı, xalq yaradıcılıq irsinin, milli adət-ənənələrin, eyni zamanda regionun turizm potensialının tanıdılması və təbliğinə mühüm zəmin yaratmışdır. “Folklor paytaxtı” ili Balakən rayonunun mədəni və ictimai həyatında zəngin iz qoyaraq bölgənin xalq yaradıcılıq irsinin, adət-ənənələrinin təbliğinə, rayonun tanıdılmasına mühüm töhfə vermişdir.

Hərbi vətənpərvərlik məqsədi ilə hərbçilərlə, gənclərlə, ziyalılarla görüşlər təşkili olunur. Ölkəmizdə keçirilən beynəlxalq və respublika miqyaslı festivallarda, baxış-müsabiqələrində, tədbirlərdə incəsənət kollektivləri rayonumuzu layiqincə təmsil etmiş, müxtəlif diplom və fəxri fərmanlarla təltif olunmuşlar.  

Mərkəzin nəzdində fəaliyyət göstərən bədii-özfəaliyyət kollektivləri, “Kaman” və “Gənclik” instrumenatal ansambl dəstəsi mütəmadi olaraq Balakən rayonu ərazisində yerləşən hərbi hissələrin zabit və əsgərləri qarşısında, gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimlərində rəngarəng konsert proqramları ilə çıxış edirlər.

Yaz-yay mövsümündə Mədəniyyət Mərkəzi və onun filiallarının bədii-özfəaliyyət kollektivləri həftənin şənbə-bazar günlərində H.Əliyev adına Mədəniyyət və İstirahət parkında əhalinin sıx toplaşdığı turizm məkanlarında yerli və xarici turistlər üçün konsert proqramları təşkil edirlər.

Rayon Mədəniyyət Mərkəzi və Katex kənd mədəniyyət evinin tərkibində həvəskar teatr dərnəyi yaradılmış, həmin dərnəyin üzvlərinin iştirakı ilə səhnələşdirilən Ü.Hacıbəyovun “Arşın mal alan”, Ə.Haqverdiyevin “Pəri cadu”, “Şahsənəm və Gülpəri” tamaşaları, həmçinin, N.Kəsəmənlinin “Yaddan çıxmaz Qarabağ” əsərinin motivləri əsasında “Xarı Bülbül”, H.Cavidin “İblis”,  Anarın “Dədə Qorqud” pyesi əsasında eyniadlı  tamaşalar rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmıdır. Hal-hazırda dərnək üzvləri yeni tamaşa üzərində çalışırlar.

Mütəmadi olaraq, “Narkomaniyaya yox” şüarı altında Mədəniyyət Mərkəzində sərgilər təşkil olunur və  2017-ci ildə Arzu Soltanın “Xaşxaşın göz yaşları” pyesi əsasında səhnələşdirilmiş tamaşa narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərinə zərbə vurmaqla yanaşı sosial-iqtisadi inkişafına mənfi təsir göstərməsi, insan sağlamlığına təhlükə yaratmasının təbliği  gənclərə örnək olmuşdur.

 

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

 

Balakən rayonunda ilk dəfə 1947-ci ildə kitabxana üçün bina tikilmiş, həmin binada 1948-ci ildə Mərkəzi kitabxana yaradılmışdır. O vaxt kitabxananın 2 işçisi olmuşdur. 1966-cı ildə həmin kitabxanaya görkəmli yazıçı M.Hüseynov adı verilmişdir.
1 dekabr 1979-cu ildən etibarən bütün kitabxanalar mərkəzləşmiş halda fəaliyyət göstərməyə başlamışdır.

MKS-nin nəzdində 6 şöbə - metodika-bibilioqrafiya, komplektləşdirmə və kitabişləmə, informasiya resurs, kitabxana-bibilioqrafiya proseslərinin avtomatlaşdiriliması, oxuculara xidmət və uşaq şöbələri fəaliyyət göstərmiş, 1 mərkəzi, 1 şəhər, 1 qəsəbə, 19 kənd kitabxana filialını özündə birləşdirmişdir.

Respublika Prezidentinin Balakənə 12 aprel 2006-cı il tarixli səfərindən sonra rayonumuzda kitabxanalara diqqət daha da artmışdır.

1956-cı ildə təməli qoyulan, 1996-cı ildən Azərbaycanın görkəmli yazıçısı A.Şaiqin adını daşıyan Uşaq kitabxanası əsaslı təmir olunaraq 16 sentyabr 2007-ci il tarixdə öz qapılarını oxucuların üzünə açmışdır.

Respublika Prezidentinin 20 aprel 2007-ci il tarixli "Azərbaycan kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamları kitabxana işinə, bu işin inkişafına göstərilən qayğıdan söhbət açır.

Respublika Prezidentinin 12 yanvar 2004-cü il tarixli, 56 saylı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı kitabxanaların latın qrafikalı ədəbiyyatla komplektləşdirilməsində, oxucu sorğularının tam və dolğun ödənilməsində çox böyük rol oynadı.

2004-cü ildən bu günə qədər həmin Sərəncamla əlaqədar kitabxanalarımıza 80073 nüsxə latın qrafikalı ədəbiyyat alınmış və filiallara paylanmışdır. Mərkəzi kitabxananın Komplektləşdirmə və kitabişləmə şöbəsinə  il ərzində Kitabxana Kollektorundan, Elmlər Akademiyasından, M.Axundov adına Milli Kitabxanadan və Mədəniyyət Nazirliyinin xətti ilə hədiyyə olunmuş 2433 nüsxə ədəbiyyat daxil olmuşdur. Bu ədəbiyyat kitabxana qaydası ilə işlənmiş vahid inventar nömrəsi verilərək MKS-nin 2 şöbə, 1 şəhər və 20 kənd filialı arasında komplektləşdirilmişdir. Kitablar filial və şöbələrin fərdi inventar kitablarına yazılmış, sistemli və əlifba kataloqları üçün kataloq kartoçkaları yazılmışdır. Bölünmüş kitabların fakturaları hesablanaraq şöbə və filialların şöbədə olan fərdi uçot kitablarına işlənmişdir.

MKS-nin 64 işçisi vardır. Onların 57 nəfəri kitabxana işçisi, 7 nəfəri texniki işçidir. Bu işçilərin 4 nəfəri ali, 11 nəfəri ali-qeyri ixtisas, 24 nəfəri orta ixtisas, 6 nəfəri orta-qeyri ixtisas, 12 nəfəri isə orta təhsillidir.

2008-ci ildə Respublika Dövlət Neft Şirkətinin vəsaiti hesabına MKS üçün yaraşıqlı, ikimərtəbəli bina tikilmiş, 19 sentyabr 2008-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rayonumuza səfəri zamanı kitabxananın açılışı olmuşdur.
Kitabxanada internet zalı yaradılmışdır. Neft Şirkətindən bu zal üçün 12 ədəd komputer, 1 ədəd skaner, 2 ədəd printer alınmışdır. İstifadəçilərə internet xidməti göstərilir.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları və Neft Şirkətinin dəstəyi ilə internet zalında Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi quraşdırılmış, kataloq yaradılmışdır. Neft Şirkətinin MKS-yə hədiyyə etdiyi kitablar bu kataloqun yaddaşına köçürülmüşdür.

AKİS vasitəsi ilə bu sistem quraşdırıldıqdan sonra respublikamızın digər rayon və başqa ölkə kitabxanaları ilə əlaqə saxlamaq mümkündür.

Azərbaycan Milli kitabxanası tərəfindən MKS-nin internetdə www.balakan.cls.az saytı açılmışdır. Balakən MKS haqqında internetdən məlumat almaq olar.
Hal-hazırda elektron kataloq üzərində iş davam edir. 2015-ci ildən ALİSA proqramı fəaliyyət göstərir. Bu proqrama dövrü mətbuat məqalələri və kitabxanamıza yeni daxil olan kitablar elektron kataloqa yerləşdirilir.

MKS şəxsi kitabxanası olan 9 nəfərlə əməkdaşlıq edir. İsgəndərov Cavad Aslan oğlunun 6000, mərhum Səlimov Fuad Mehdi oğlunun şəxsi kitabxanasında 8700, mərhum Qarayev Zakir Məmmədiyyə oğlunun 10000, Hüseynov Abid Adışırin oğlunun şəxsi kitabxanasında 3000, mərhum Bayramov Ramazanın şəxsi kitabxanasında 1150, Həsənov Məhəbbətin şəxsi kitabxanasında 1200, Mustafayev Fərhad Mahmud oğlunun şəxsi kitabxanasında 1010, Süleymanov Əbdürrəhim Soltan oğlunun şəxsi kitabxanasında 600 nüsxə kitab toplanmışdır. MKS işçiləri tez-tez onlarla əlaqə saxlayır, oxucunun istədiyi kitab kitabxananın fondunda yoxdursa, şəxsi kitabxanası olan şəxslərə müraciət edilir.

 

 

Heydər Əliyev Mərkəzi

 

Azərbaycan Respublasının Dövlət Neft şirkətinin vəsaiti hesabına Balakən rayonunda tamamilə yenidən qurulan, H.Əliyev adına Mədəniyyət və İstirahət parkında müasir memarlıq üslubuna uyğun möhtəşəm Heydər Əliyev muzeyi üçün bina tikilmişdir.
2008-ci ildə fəaliyyətə başlamış Heydər Əliyev muzeyi Balakən rayon İcra Hakimiyyəti başçısının 22 iyul 2011-ci il tarixli 122 nömrəli Sərəncamı ilə Mərkəzə çevrilmişdir.

Mərkəz binası 2 mərtəbədən ibarətdir. Hündürlüyü 5 metrdir, ümumi sahəsi 720 m²-dır, ölçüləri 31, 6x 15,6 metrdir. Ekspozisiya zalının sahəsi 330 m²-dir. Həmin zalda "Heydər Əliyev və Balakən" guşəsi yaradılmış, mərkəzin nəzdində yaradılmış Heydər Əliyev irsinin araşdırılması və təbliği üzrə fəaliyyət göstərən tədqiqat qrupu üzvlərinin və mərkəz əməkdaşlarının əldə etdiyi ulu öndərlə şəxsən görüşmüş həmyerlilərimizin fotoşəkilləri və xatirələri həmin guşədə nümayiş olunur. Mərkəzdə həm də Ümummilli Lider Heydər Əliyevin irsinin gənc nəslə təbliği məqsədilə "Heydər Əliyev dərsləri" keçirilir.Mərkəzdə rus dili,ingilis dili və rəsm dərnəkləri fəaliyyət göstərir.

Mərkəzdə eksponatlarının nümayişi üçün ekspozisiya zalı və fond saxlama, müəyyən kütləvi tədbirlərin keçirilməsi və müvəqqəti sərgilərin təşkili üçün nəzərdə tutulmuş yardımçı hissə vardır.

2018-cü il ərzində Heydər Əliyev Mərkəzində əldə olunmuş eksponatların sayı 1033-ə çatdırılmışdır.

Eyni zamanda Heydər Əliyev Mərkəzində cənab Prezident İlham Əliyevin Balakənə olan diqqət və qayğısını, rayonumuza etdiyi səfərləri, sosial obyektlərin, inzibati binaların, mədəniyyət və təhsil müəssisələrinin açılışında şəxsən iştirakını əks etdirən fotoşəkillərin, rayonumuzdan olan cənab Prezidentin fərman və sərəncamları ilə təltif olunmuş həmyerlilərimizin təltif sənədlərinin nümayış olunduğu "İlham Əliyev və Balakən" güşəsi vardır.

Ulu öndərin anadan olmasının 85 illik yubileyinə ərmağan edilmiş Mərkəzin rəsmi açılışı 19 sentyabr 2008-ci ildə cənab Prezident İlham Əliyevin Balakənə səfəri zamanı olmuşdur.

 

 

 

Tarix-diyarşünaslıq muzeyi

 

Balakən rayon tarix-diyarşünaslıq muzeyi 1984-cü ildən fəaliyyət göstərir. 1994-cü ildən 2001-ci ilədək fəaliyyəti dayandırılmış 2003-cü ildən yenidən fəaliyyətə başlamışdır. Muzeydə 9 işçi çalışır. Muzeyin ümumi sahəsi 322, 7 m², ekspozisiya sərgi sahəsi 232 m², fond saxlama sahəsi 12 m²-dir. 140 eksponatla fəaliyyətə başlayan muzeydə hal-hazırda 5020eksponat vardır. Muzeydə eksponatların artımı bağışlanma və toplanma yolu ilə həyata keçirilir. Eksponatların qəbulu daimi mühafizəyə götürülməsi üçün fond satınalma komissiyası işləyir. Komissiya daxil olan bütün eksponatları aktla qəbul edir və protokollaşdırılır. Daxil olma kitabında qeydlər aparılır və xüsusi şiriftlə nömrələnir. 2011-ci il ərzində muzeyin kollektivi tərəfindən ictimaiyyətin gücündən istifadə etməklə çoxlu sayda eksponatlar toplanmış və ekspozisiya zalında müxtəlif guşələr yaradılmışdır.


Balakən rayonundan tanınmış mədəniyyət və incəsənət adamları

 

Telman Abbas oğlu Adıgözəlov - Xalq artisti, aktyor,
Nailə Hümbət qızı İslamzadə - Əməkdar artist, Müdafiə Nazirliyi Mətbuat xidmətində işləyir.
Səfa Qvaməddin oğlu Mirhəsənov - Xalq artisti, aktyor, Rus Dram Teatrında işləyir.
Laləzar Bəşir qızı Mustafayeva - Xalq artisti, Azərbaycan Milli Dram Teatrında işləyir.
Füzuli İsmət oğlu Hüseynov - Əməkdar artist, Milli Dram Teatrında işləyir.
Bəxtiyar Əli oğlu Kantayev - Dağıstan Respublikasının Əməkdar artisti
Tahirə Sultan - şairə
İlqarə Tosova - Gənc tamaşaçılar teatrı, aktrisa
Muxtar İbadov - Gənc tamaşaçılar teatrı, aktyor
Kamran Yunis - Yuğ teatrı, aktyor
Ramazan Xutrayev - şair
Şəmsiyyə Əliqızı - müğənni
Həlimət Məmmədova - müğənni - aktrisa
Səmayə Şaban qızı Hüseynova - müğənni

 

Balakən rayonunun Sosialist Əməyi Qəhrəmanları və Prezident təqaüdçüləri

 

1. Anqbazova Məryəm İsa - Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü
2. Balayeva Həlimət Məcid - Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü
3. Şirinova Maral İbrahim - Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü
4. Məmmədova Kərimət Mahama - Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü
5. Dibirova Səfiyyə Hacı - Prezident təqaüdçüsü
6. Bazarova Ayşə Ömər - Sosialist Əməyi Qəhrəmanı
7. Bayramova Bəşarət Müslüm - Sosialist Əməyi Qəhrəmanı
8. Babayeva Yetər Şaban - Sosialist Əməyi Qəhrəmanı
9.Babayeva Gülbiçə Şaban - Sosialist Əməyi Qəhrəmanı
10.Xutrayeva Müzalifə Məhəmməd - Sosialist Əməyi Qəhrəmanı
11. Mollaçıyeva Həvva Seyfəddin - Sosialist Əməyi Qəhrəmanı
12. Musayev Teyyub Olaxan - Sosialist Əməyi Qəhrəmanı
13. Novruzova Nəfisət Murtuzəli - Sosialist Əməyi Qəhrəmanı
14. Lətifov Hüseyn Qüdrət - Sosialist Əməyi Qəhrəmanı
15. Lələyeva Şəmsiyyət Soltanhəmid - Sosialist Əməyi Qəhrəmanı
16.Əfəndiyev Əlixan Ömər - Sosialist Əməyi Qəhrəmanı
17. Sabirova Nurcahan Məcid - Sosialist Əməyi Qəhrəmanı
18. Baydarov Muhuma Məhəmməd - Sosialist Əməyi Qəhrəmanı
19. Səfərəliyev Rüstəm Qasım - Sosialist Əməyi Qəhrəmanı

 

TURİZM

Turizmin inkişaf potensialı:

Balakən rayonunun zəngin təbii landşaft və toxunulmamış meşə sahələri turizmin inkişafı üçün əlverişli prespektivləri açır. Ərazidə turistlərin maraqlı istirahət mənbəyi ola biləcək əvəzsiz təbiət guşələri mövcuddur.

Rayonda son illər turizmin inkişafı ilə bağlı xeyli işlər görülmüşdür. Rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında əhaliyə yüksək səviyyədə mədəni-xidmət göstərilir. Parkda uşaq, yeniyetmə, gənclər və ahılların mənalı istirahəti üçün hər cür şərit yaradılmış, attraksionlar və 1200 metrlik kanat yolu fəaliyyət göstərir. Parkın ərazisində 132 yerlik 4 ulduzlu "Qubek" oteli 2011-ci ildən turistlərin istifadəsinə verilmişdir. 4 ulduzlu otel beynəlxalq standartlara cavab verir, 9 VİP, 24 standart, 30 delüks, 63 yaşayış nömrəsi vardır. Mərkəzin ətrafını müxtəlif ağaclar, bəzək kolları və yaşıllıqlar əhatə edir. Beşinci mərtəbədə 120 nəfərlik yeməkxana və kafe fəaliyyət göstərir. Uşaqların dincəlməsi, əylənməsi üçün qapalı və açıq hovuzlar bütün günü onların ixtiyarındadır.

Bakı-Şamaxı-İsmayıllı-Balakən turizm marşurutu reallaşdığından Balakən rayonunda 12 turizm marşrutu üzrə zonalar müəyyənləşdirilmişdir.


1.Balakən - Katex şəlaləsi
2. Balakən - Qubek - Su dönən
3 Balakən - "Mirovaya voda"
4. Balakən - Arılıq
5. Balakən - Qaraçay - Siltik - Geoloji kəşfiyyat
6. Balakən - Mazımçay
7. Balakən - Darvazbinə - Göyəmtala - Qanıx
8.Balakən - Qabaqçöl - Bağman bulaq - Kubçar bulaq
9.Balakən - Aviasiya mərkəzi-İmam bulağı
10.Balakən - İtitala
11.Balakən - Gərəkli - Zepel bulaq - Pəri qalası
12.Balakən - Cicixana
Rayon ərazisində olan tarix və mədəniyyət abidələrini və mövcud şəraiti nəzərə alaraq ekoloji, ekzotik, təbiət və idman (ovçuluq, deltaplan, piyada, atçılıq) ailə turizmini inkişaf etdirmək mümkündür.

 


Tarix və mədəniyyət abidələri


Azərbaycanda əsrlər boyu yüzlərlə, minlərlə sənət nümunəsi yaradılıb, gələcək nəsillər üçün yadigar qoyulmuşdur. Abidə deyəndə ilk növbədə gözlərimiz önündə tarix və mədəniyyət abidələri canlanır. Belə abidələr adətən insanların taleyi ilə bağlı olub öz əlləri ilə yaradılmışdır. Qədim abidələrin əksəriyyəti memarlıq sənət nümunəsidir. Onlar bir sinfin və ya qəbilənin digəri üzərində hökmranlığı (saraylar, ibadətgahlar) və ya birinin digərindən müdafiəsi üçün (qalalar, müdafiə xətləri, gizli yollar və s.) yaranmışdır.
Balakən çox zəngin tarixə malik rayondur. Respublikamızda 6308 tarix və mədəniyyət abidəsi mövcuddur. Onların 65-i dünya, 2034-ü ölkə, 4209-u yerli əhəmiyyətli abidələrdir. Rayonda dövlət qeydiyyatından keçmiş 43 tarix və mədəniyyət abidələri və 26 yeni aşkar olunmuş abidələr mövcuddur. Qeydə alınmış abidələr inventarlaşdırılmış, qoruyucu lövhələr vurulmuşdur. Həmin abidələrdən 2-si ölkə əhəmiyyətli memarlıq, 7-si ölkə əhəmiyyətli arxeoloji, 17-si isə yerli əhəmiyyətli abidələrdir.

Sasani dövrünə aid olan Böyük Səddin qalıqları. Bu qədim abidənin qalıqları Balakən rayonunun Katex kəndində Bakı-Balakən magistral yolu boyunca yolun şimalındadır. Divarların eni aşağıda 1,5 metrə yaxındır, hündürlüyü 4-5 metrdir. Sədd V-VII yüzillikdə Azərbaycanı Sasanilər işğal etdikdən sonra Sasani hökmdarı I Qubad və Xosrov Ənuşirəvanın göstərişi ilə tikilib.

Səddin tikilməsində məqsəd dağlıların qəfil hücumlardan müdafiə, həmçinin "Hun keçidi"ndən gələn hunların axınının qarşısını almaq idi.

 

Darvaz məbədi. Antik dövr müəlliflərinin qeyd etdikləri kimi, bu məbəd Qanığın (Alazan çayı) sol sahilində, Tuğay meşəsinin ortasında olan düzəngahın mərkəzindədir. Məbəd Balakən rayonunun mərkəzindən 15-16 km cənubda, Qacarçöl adlanan böyük bir düzəngahın yaxınlığında, Darvaz binə deyilən yerdədir. V-IX əsrə aiddir.

Arılıqbinə məbədi. Yerləşdiyi ərazi Balakəndən Gürcüstana gedən magistral yolun sağında, dağın ətəyində, son dərəcə mənzərəli bir yerdə, rayon mərkəzindən 5 km qərbdə, yoldan 1 km şimalda yerləşir. Əsas məbəd binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazi çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər vardır. V-IX əsrə aiddir.

Minarəli məscid. Balakən rayonunun mərkəzində yerləşir. 1867-1877-ci illərdə inşa edilmişdir. Çay daşından tikilmiş məscidin sahəsi 1025 kv.metrdir. Əsas binadan ayrı tikilmiş minarənin hündürlüyü 45 metrdir. Məscidin şimal-qərb fasadında dörd yerdə qabarıq formada ərəb dilində sülh elementi nəxs xətti ilə kitablar həkk edilmişdir.
Nur kilsə. Bu abidə Talalar kəndində düzən bir yerdə yerləşir. IX-XIV əsrə aid Nur kilsənin uzunluğu 15 m, giriş hissəsinin hündürlüyü 7,6 m olub bu hissə 2 tərəfli və 6 bucaq şəkilindədir. Binanın eni isə 6 metrdir. Iki hissədən ibarət olan binanın giriş hissəsi öndə iki nəhəng sütun üzərində durur, sonra isə ibadət yeri olan hissəyə, otağa giriş qapısı üzərində tağa birləşir.

Gül qala. Balakən çayının sağ sahilində Mahamalar kəndində yerləşir. Gül formasında tikilib 8 guşəlidir.

Noxo mağarası. Rayon mərkəzindən 18 km şimalda. Qubek qayası deyilən yerdə yerləşir. Dəmir dövrünə aiddir. Mağaraya girmək qeyri mümkündür. Mağaranın qarşısı sıldırımlı aşırımdır. Mağaraya qayanın üstündən alpinist ləvazimatı ilə düşmək mümkündür.

Pəri qala. Humbul çayının yatağı istiqamətində olan dağ keçidinin (hun keçidi) qarşısındakı tikilən möhtəşəm qaladır. Qala V-VI yüzillikdə Böyük Səddlə eyni vaxtda Hun tayfalarının hucumuna qarşı müdafiə məqsədi ilə tikilib.

Alban məbədi. IX-XI-ci əsr Hənifə kəndi Roçəhməd yaşayış ərazisində yerləşir.

Köhnə qəbiristanlıq. XI-XII əsr Mahamalar kənd Salban yaşayış ərazisində yerləşir.

Xarabalıq yaşayış yeri. V-VIII əsr Mahamalar kəndindən 2 km qərbdə dağın ətəyində yerləşir.

Pir. V-VIII əsr. Mahamalar kəndindən 2 km qərbdə

Küp qəbirləri nekropolu. E.ə.II-I əsr Mahamalar kəndindən 7 km şimalda

Yeraltı su anbarı. XVIII-XIX əsr. Qullar kəndində dağın ətəyində

Şəhərgah. Orta əsrlər. Məkləkan dağında Katex şəlaləsinin üst hissəsində

Katex şəlaləsi. Şəlalənin hündürlüyü 25 metrdir. Katex kəndində yerləşir.

Yeraltı su anbarı. Tülü kəndində yerləşir. XVIII-XIX əsrə aiddir.

Məscid. XVIII əsr. Mahamalar kəndi Dibirovların yurdunda yerləşir.

Hacı Murtuz qalası. XVIII-XIX əsr. Mahamalar kəndi

Məbəd. Alban məbədi V-IX əsrə aiddir. Qullar kəndi

Dördbucaqlı qala. XVII əsr Katex kombinat yolunda

Məscid. XIV əsr. Katex kəndi

Müdafiə qalası. XIV -XVII əsr. Katex kəndi Ammayev Molla Şeyxin bağında yerlşir.

Müdafiə qalası XIV-XVII əsr Katex kəndi Ruştullayev Məhərrəm Məhəmməd oğlunun bağında yerləşir.

Türbə. Tülü kəndində Dabaxovların yurdunda yerləşir. V-IX əsrə aiddir. Alban
məbədidir.

Məscid. 1905 - ci il. İtitala kəndi

Məscid. 1910-cu il Kortala kəndi.

Qala. VI-IX əsr. Qala Katex kəndindən yuxarıda Məkləkan dağında Şəhərgahın yerləşdiyi yerdən aralı, rayon mərkəzindən 38 km aralıda yerləşir.

Arxeoloji qazıntı. Tunc dövrünə aid e.ə.III-IV min illik. Rayon mərkəzindən 25 km cənubda Meşəşambul kəndinin Şörəkət çölündə Sərhəd Zastavasının yaxınlığında yerləşir.

Pəri qalas. IX-XI əsr. Xalatala kəndi yaxınlığında meşənin ortasında yerləşir.

Məbəd. IX-XI əsr. Gərəkli kəndinin Poçtbinə yaşayış ərazisində.

Müdafiə qalası. Poçtbinə kəndində Gürcüstanla sərhəddə yerləşir.

Kilsə. Dağılmayan kilsə. İlk orta əsrlər. Gərəkli kəndi Pəri qalasından 6 km aralıda yerləşir.

Kilsə. Dağılmayan kilsə, İlk orta əsrlər. Pəri qalasından 4 km aralıda yerləşir.

Məscid. XIV əsr Hənifə kəndi. Mehdiyevlərin həyətində

Məbəd. Mazımçay kəndi. Gürcüstanla sərhəddə, V əsrə aiddir, Alban məbədidir.

Keşikçi qülləsi. XVIII-XIX əsr. Mahamalar kəndinin Salban yaşayış ərazisi yaxınlığında dağın üstündə

Cicixana məbədi. V-XI əsr Katex kəndində dağın ətəyində yerləşir.

Nəqşbənd məktəbi. XIX əsr. Katex kəndi rayon mərkəzindən 16 km aralıda

Sofi ziyarətgahı. XVIII-XIX əsr. Katex kəndində Magistral yolun kənarında

Xəncəritən qobu. e.ə. IV-I əsr Xəncəritən qobu Azərbaycan Alban dövlətinə aid yeraltı şəhər olmaqla Kortala kəndindən İtitala kəndinə qədər çayın sahili boyu uzanır.

Məscid. XIV əsr. Katex kəndi. Qaybalı məscidi

Tağlı körpü. XVIII əsr Şambul kəndində. Rayon mərkəzindən 13 km aralıda yerləşir.

Ərəb ocağı. XVIII -XIX əsr. Ərəb ocağı rayon mərkəzindən 12 km aralıda Katex kəndində yerləşir.

Heydər Əliyev abidə kompleksi. 2007-ci il. Balakən şəhəri Səttar Gözəlov küçəsi 1. Mədəniyyət və istirahət parkında

20 yanvar Şəhidlərinin xatirə kompleksi. 2006-cı il. Balakən şəhəri Səttar Gözəlov küçəsi.

31 mart Azərbaycanlılarının soyqırım abidəsi. 2001-ci il Balakən şəhəri Heydər Əliyev küçəsi

Böyük vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldılmış "Ana " abidə kompleksi 1985-ci il. Balakən rayonu, Katex kəndi, Bakı-Balakən magistral yolunda. Böyük vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi. 1985-ci il. Balakən rayonu. Qabaqçöl qəsəbəsinin mərkəzində İmam şamil küçəsində

Ziyarətgah. Əli Əfəndinin ziyarətgahı. Balakən şəhəri Füzuli küçəsi 9.

Ziyarətgah. Turut Mehdinin ziyarətgahı. Bedağar kəndi

20 yanvar şəhidlərinin xatirə abidəsi. Tülü kəndi

 

Arxeoloji tapıntılar

 

Xarabalıq yaşayış yeri və Pir -V-VIII əsr, Mahamalar kəndinin 2 km qərbində, dağın ətəyində Küp qəbirləri və nekropolu - Mahamalar kəndinin 1 km şimalında
Köhnə qəbiristanlıq XI-XII əsr, Salban kəndi Yeraltı su anbarı - Qullar kəndi
Şəhərgah - orta əsrlər (Katex kəndi) Məkləkan dağında Yeraltı su anbarı - Gərəkli kəndi

Kurqanlar - e.ə. III-II minilliklər Qabaqçöl kəndinin yaxınlığında Təpəçöl ərazisi, Meşə şambul kəndinin Şorəkət çölündə

 

Təbii ehtiyatlar

 

Balakən rayonu olduqca zəngin faydalı qazıntı ehtiyatına malikdir. Bunlardan ən böyükləri Filizçay, Tenros, Katsdağ və Katex kolçedan polimetal yataqlardır. Bu yataqlar mis, qurğuşun, sink və kükürdlə zəngindir. Ehtiyatlarına görə Filizçay Avropada ən iri yataqlardan biri sayılır. Əlvan metallurgiya üçün qiymətli xammal mənbəyi olan bu yataqların istismarı Respublikamızın iqtisadi inkişafında mühüm rol oynaya bilər.
Zəngin ehtiyatlara malik Balakən meşələrində fısdıq, palıd,şabalıd, eldar şamı, ağ şam, qara şam, cökə, vələs, qoz, qızılağac, lapan, qovaq, yalanqoz, göyrüş, findıq, Qafqaz xurması. Dəmir ağac və s. ağaclar bitir. Dağ meşələrində bitən yabanı qida bitkilərindən armud, alma, fındıq, zoğal, nar, sumaq, əzgil, yemişan, alça və s. qeyd etmək olar. Balakən rayonunun meşələrində təbabət əhəmiyyətli 150 növ dərman bitgisi vardır ki, bununda 80 növünün ehtiyatı külli miqdardadır. Bunlardan itburnu, altey (gülxətmi), dağ zanbağı, yemişan, kəndəlaş, su bibəri, yarpız, nanə, kar gicitkən, andız, qızılçətir, baldırğan, biyan, göyəm, dazı otu, kalina, üçyarpaq yonca, zirinc, çay tikanı, qaragilə, qafqaz rododendromu (jenşen), moruq, kəklik otu, çobanyastığı, bağayarpağı, əvəlik, razyana və s. göstərmək olar.

Müalicə və süfrə suları istehsalı məqsədi ilə istifadə oluna biləcək təbii süfrə suları və kükürdlü sular mövcuddur.

Ovçuluq və balıqçılıq

 

Rayonun meşə, düzənlik və dağları müxtəlif ov heyvanları və quşları ilə zəngindir. Həmçinin rayonun çay, nohur və göllərində müxtəlif növ çay və göl balıqları vardır. Ümumiyyətlə mühafizə olunan heyvan, quş və balıqların başqa digər ov heyvanları, quşları və balıqları ovlamaq üçün şərait vardır. Dağ çaylarında farel (qızıl balıq) daha çoxdur.