Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Region haqqında
İqtisadiyyat

Balakən

2013-cü il ərzində rayonun sosial-iqtisadi inkişafı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafını şərtləndirən ilk Dövlət Proqramının qəbulundan sonra keçən 10 ildə makroiqtisadi göstəricilər, açılan iş yerləri, istifadəyə verilən obyektlər regional Proqramın icrasının bölgələrin sosial-iqtisadi inkişafındakı əhəmiyyətini bir daha təsdiq etdi.

Respublikanın bütün bölgələrində olduğu kimirayonumuzda da səhiyyə, idman, mədəniyyət obyektləri, inzibati binalar, yollar, körpülər tikilərək istifadəyə verildi, istehsal və xidmət sahələri yaradıldı. Dövlət Proqramlarının icrası müddətində ölkə Prezidenti cənab İlham Əliyev dörd dəfə rayona səfər etmişdir. Ölkə Prezidentinin rayona dördüncü səfəri hesabat dövrünə təsadüf edir. Nümayiş olunan filmdən də izlədiyiniz kimi səfər zamanı cənab Prezident inşasına 2012-ci ildə başlanan Mədəniyyət Mərkəzinin, YAP rayon təşkilatının yeni inzibati binasının və Katex kəndində soyuducu anbar kompleksinin açılışlarını etmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin rayona səfərindən qısa müddət sonra rayonda aparılan abadlıq-quruculuq işlərinin davam etdirilməsi və regional inkişaf Proqramında rayon üzrə nəzərdə tutulan tədbirlərin icrasının sürətləndirilməsi məqsədilə Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında iki Sərəncam imzalamışdır. 3080 nömrəli Sərəncama əsasən rayon Icra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 (iki) milyon manat ayrılmışdır. Sərəncamın icrası məqsədilə görüləcək işləri özündə əks etdirən "Titul siyahısı" təsdiq olunmuş, siyahıya görə 2013-cü ildə icrası planlaşdırılan kommunal evlərin və "Soyqırım abidəsi"nin təmiri bəndləri üzrə 266 min manat dəyərində iş yerinə yetirilmişdir və bu istiqamətdə işlər davam etdirilir. 
Ölkə Prezidentinin 22 avqust 2013-cü il tarixli 3081 nömrəli Sərəncamı ilə qırx dörd min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisinə ilkin olaraq 2 (iki) milyon manat vəsait ayrılmışdır. Ayrılan vəsaitin təyinatı üzrə xərclənməsi üçün yolun layihələndirilməsi işləri başa çatdırılmış, tender elan olunmuşdur.
2013-cü il ərzində rayon üzrə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində rayonun əsas sosial iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə artmış, ümumi məhsul buraxılışı 181,6 milyon manat təşkil etmiş, 2012-ci illə müqayisədə artım 21,6 faiz olmuşdur. Hesabat dövründə 57,6 milyon manatlıq kənd təsərrüfatı məhsulu, 5,9 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, 69 milyon manatlıq tikinti işləri görülmüşdür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 7,5 faiz, tikinti işlərinin həcmi 51,3 faiz artmış, sənaye məhsulu istehsalı eyni qalmışdır. Ümumi məhsul buraxılışında kənd təsərrüfatının istehsalının xüsusi çəkisi 31,7 faiz, sənayenin xüsusi çəkisi 3,3 faiz, tikinti işlərinin həcmi 38,4 faiz təşkil etmişdir. Orta aylıq əmək haqqı 2012-ci illə müqayisədə 11 faiz artaraq 248,1 manat olmuşdur.

Hesabat dövründə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə özəl sektorun maliyyə təminatının yaxşılaşdırılması sahəsində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 13 sahibkara 160000 manat, kənd təsərrüfatının inkişafı və kreditləşməsi layihəsi çərçivəsində 70 nəfərə 50 min manat kredit verilmişdir.
Cari ildə rayonun əkin sahələrinin 11751 hektarında payızlıq və yazlıq bitkilər əkilmişdir. Rayon rəhbərliyinin fermerlərlə, torpaq mülkiyyətçiləri ilə birgə əkin sahələrinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər, o cümlədən kəndlər üzrə hədəf göstəricilərin müəyyən edilməsi, gübrə və toxumla təchizatın yaxşılaşdırılması, kəndlərdə istehsalçıların problemlərinin həllinə göstərilən köməklik, gündəlik operativ nəzarətin həyata keçirilməsi özünün müsbət səmərəsini vermiş və əkin sahələrinin 6,1 % artırılması təmin edilmişdir.
Hesabat ilində rayonda meyvəçiliyin inkişaf etdirilməsinə, o cümlədən, yeni intensiv bağların salınmasına diqqət artmışdır. Əvvəlki ildə salınmış 123 ha intensiv meyvə bağlarına qulluq göstərilmiş və Katex kəndində 48 ha sahədə yeni intensiv meyvə bağları salınaraq damlama üsulu ilə suvarma sistemi qurulmuşdur. Katex kəndində tikilmiş soyuducu kameralar məhsulların saxlanılması sahəsində olan problemlərin aradan qaldırılması və meyvəçiliyin inkişaf etdirilməsi üçün yeni imkanlar yaratmışdır.
Ötən dövrdə bitkiçiliklə yanaşı heyvandarlığın da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmış, iri buynuzlu mal-qaranın, qoyun keçilərin, quşların baş sayının artımına nail olunmuşdur.
Rayonda fəaliyyət göstərən «Azəryemsənaye» MMC tərəfindən xaricdən 214 baş malın alınıb gətirilməsi təmin edilmişdir. Qazbinə kəndində ətlik istiqamətində yaradılmış fermada heyvandarlığın inkişaf etdirilməsi üçün müvafiq işlər görülmüş, sanitariya normalarına uyğun heyvan kəsim meydançası tikilmiş, şəhər ərazisində ət və ət məhsullarının satışı üzrə tikilib istifadəyə verilmiş firma mağazası vasitəsi ilə məhsulların bazar qiymətlərindən aşağı qiymətə satışı təşkil olunmuşdur.
Heyvandarlıq sahəsində müsbət işlərlə yanaşı qeyd olunmalıdır ki, rayonda mal-qaranın baş sayının, məhsul istehsalının artmasına baxmayaraq hər baş heyvandan alınan məhsulun miqdarı azdır. Bu sahədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün əlavə tədbirlərin görülməsinə, süni mayalandırmanın daha geniş tətbiq edilməsinə ciddi ehtiyac vardır.
Hesabat dövründə «Aqroservis» filialı tərəfindən 542 ton mineral gübrələr gətirilmiş və 50 % güzəştlə fermerlərə satılması təmin edilmişdir. Kənd təsərrüfatı istehsalçılarının texnikaya olan tələbatının ödənilməsi üçün əlavə 1 ədəd qarğıdalıyığan kombaynın gətirilməsi təşkil olunmuşdur. İstehsalçılara göstərilən aqroservis xidmətlərinin yaxşılaşdırılması üçün rayonda «Aqroservis» filialının anbar binaları tikilmiş və istifadəyə verilmişdir.
Bütövlükdə, 2013-cü ildə aqrar sahədən 57,6 mln. manatlıq gəlir əldə edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 7,5 faiz çoxdur. İstehsal olunan məhsulun 55,8 % -i və ya 32,2 mln. manatı bitkiçilik, qalan 44,2 %-i və ya 25,4 mln. manatı isə heyvandarlıq məhsullarının payına düşür. 
Rayonun fermerləri Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında iştirak etmiş və yarmarkalarda 108 ton müxtəlif növ meyvə və tərəvəz məhsullarının satışı təşkil edilmişdir.
Kənd təsərrüfatı sahəsində əldə olunmuş uğurlar 2 noyabr 2013-cü il tarixdə Heydər Əliyev parkında "Məhsul bolluğu" bayramı keçirilməklə qeyd olunmuş, rayonda istehsal olunan bütün növ kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi bayram tədbiri əhali tərəfindən böyük maraqla qarşılanmışdır.
Hesabat ilində rayonda aparılan abadlıq və quruculuq işləri barədə məlumat verməzdən əvvəl qeyd etmək istəyirəm ki, 2012-ci ildə rayonda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə ziyan dəymiş fərdi yaşayış evlərinin siyahısının dəqiqləşdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində işlər əsasən başa çatdırılmışdır.
Fövqəladə Hallar Nazirliyinin rayonda fəaliyyət göstərən müvafiq komissiyalarının rəyinə əsasən 2012-ci ildə baş vermiş zəlzələlər zamanı 842 evin qəzalı vəziyyətə düşdüyü müəyyən edilmiş, 2429 evdə bərpa-gücləndirmə işlərinin aparılmasının zəruriliyi qənaətinə gəlinmişdir. Qəzalı evlərdən 739 ev sökülərək yenidən tikilmiş, 103 evin tikintisi nəzərdə tutulmuşdur.
"Bərpa-gücləndirmə" rəyi verilmiş 2287 nəfərə 10.999.000 manat kompensasiya pulu rayon poçt filialı vasitəsilə ödənilmişdir.
Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş 300 yerlik Qarahacılı kənd tam orta, 80 yerlik Püştətala kənd ibtidai məktəbi, Katex 1 saylı uşaq bağçası və Gərəkli kəndində 8 mənzilli yaşayış evi tikilərək istifadəyə verilmişdir.
2013-cü ildə Nazirlər Kabineti tərəfindən Qaysa, Şambul və Şərif kənd körpələr evi-uşaq bağçasının tikintisinə, Sarıbulaq kənd uşaq bağçasının təmirinə dair müvafiq qərar qəbul edilmiş və kənd bağçalarının tikintisinə başlanılmışdır.
Hesabat dövründə məktəb tikintiləri sahəsində ümumilikdə 1540 şagird yeri olan 6 yeni məktəb binası tikilərək şagirdlərin istifadəsinə verilmiş, 280 yerlik Talalar-2 saylı orta məktəbin tikintisi üçün vəsait ayrılmışdır.
Heydər Əliyev prospektində şəhər seyrəngahının, Təhsil şöbəsinin, məcburi köçkünlər üçün 45 mənzilli yaşayış binasının, Kortala kəndində kənd həkim məntəqəsinin tikintiləri başa çatdırılaraq istifadəyə verilmişdir. "Balakən-1" su-elektrik stansiyasının tikintisində son tamamlama və abadlıq işləri aparılır.
Heydər Əliyev prospektinin və Səttar Gözəlov küçəsinin abadlaşdırılması işləri başa çatdırılmış prospektin yol qovşaqları, sahibkarlıq obyektlərinin fasad hissələri və səkilər yenidən qurulmuşdur.
Heydər Əliyev prospekti, Ə.Ansuxski, R. Səmədov və N. Nərimanov küçələrində yerləşən iki və beş mərtəbəli yaşayış evləri aqlayla üzlənmiş, Ə. Ansuxski, R. Səmədov, Gənclik, S. Gözəlov, N. Nərimanov, Z. Əliyeva küçələrindəki çoxmənzilli yaşayış binalarının dam örtükləri dəyişdirilmiş, fasadlarının aqlayla üzlənməsinə başlanmışdır.
Hesabat dövründə respublika və rayon əhəmiyyətli avtomobil yollarına xidmət göstərilmiş, yollarda təmir işləri görülmüşdür. Şəhərin S. Gözəlov, Füzuli, A. Məmmədov, Qafqaz, M. Hüseynzadə küçələri və həmin küçələrin dalanları asfaltlanmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin 28 mart 2012-ci il tarixli "Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamına əsasən 2012-ci ildə tikilməyə başlanan Balakən-Qazma-Darvazbinə avtomobil yolunun 3,5 km-i hesabat ilində tikilməklə 15 km-lik yol istifadəyə verilmişdir. 
Hesabat dövründə təhsil, səhiyyə və mədəniyyət müəssisələrində təmir işləri aparılmış, Salban kənd ibtidai, Poşbinə 2 saylı ümumi, Kortala kənd tam orta məktəbləri, uşaq yaradıcılq mərkəzi, mərkəzi kitabxana, şəhər kitabxanası, Qaysa kənd mədəniyyət evi, Hənifə, Qullar və Sarıbulaq kənd həkim məntəqələri, şəhər 2 saylı körpələr evi-uşaq bagçası təmir olunmuşdur.
Ötən dövr ərzində Balakənçay sistemində 600 m3 həcmində daş beton bəndin cari təmiri işləri görülmüş, Mazımçay sistemində 240 p/m, İnterçayın Şərif kəndindən keçən hissəsində 481 p/m, Katexçayda 100 p/m, Balakənçay sisteminin Mahamalar kəndi ərazisində 100 p/m uzunluğunda daş-beton bənd, Qabaqçöl qəsəbəsində 237 p/m, Meşəşambul kəndi ərazisində kənd qəbirstanlığının mühafizəsi üçün 319 p/m qabion bənd tikilmişdir. Çay məcralarında 325 min m3 tənzimləmə, 28 km uzunluğunda kanal qazılaraq təmizləmə işləri aparılmış, 4 km uzunluğunda yeni kanallar qazılmışdır.
2013-cü ildə ümumi sahəsi 3280 m2 olan 21 fərdi yaşayış evi, ümumi sahəsi 913 m2 olan 9 xidmət və sahibkarlıq obyektləri tikilərək istifadəyə verilmişdir.
Hesabat dövrünün sonuna pensiyaçıların sayı 12415 nəfər, aylıq pensiya tələbatı 1,8 milyon manat, orta aylıq pensiya məbləği 148,3 manat olmuşdur. Azərbaycan Respublikası Prezidentinin "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" 27 avqust 2013-cü il tarixli Sərəncamı rayon üzrə bütün əmək pensiyaçılarına şamil edilmişdir.
Əhalinin sosial müdafiəsinə əlavə təminat yaradan sığorta tədiyyələrinin toplanması sahəsində hesabat dövründə rayon əhalisinə 4 sığorta şirkətinin rayon nümayəndəlikləri vasitəsilə xidmət göstərilmişdir. 24 iyun 2011-ci ildə qəbul olunmuş "Daşınmaz əmlakın icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq daşınmaz əmlakın icbari sığortası üzrə vətəndaşlarla 250 müqavilə bağlanmış, 9 nəfərə 10496 manat sığorta ödənişi aparılmışdır. 2012-ci ildə bağlanmış müqavilələrin sayının 2517 olduğunu nəzərə alsaq, daşınmaz əmlakın icbari sığorta olunmasında 10 dəfəyə yaxın azalma olduğu aydın olur. Bu isə 2012-ci ildə rayonda baş vermiş zəlzələ və zərərçəkmişlərə ödənilən milyon manatlarla vəsaitin müqabilində daşınmaz əmlak sahiblərinin passiv, bütün problemlərini dövlətin üzərinə yükləmə mövqeyini əks etdirir. Qeyd olunan sahədə əhali arasında izahat və təbliğat işləri gücləndirilməlidir.
2013-cü ildə əhaliyə rabitə xidmətlərinin göstərilməsi sahəsində Qazbinə və Püştətala elektron telefon stansiyaları üçün yeni bina tikilərək istifadəyə verilmiş, 6 stansiyada əsaslı təmir işləri aparılmışdır. Qazma və Meşəşambul kəndlərində yeni elektron telefon stansiyaları və xətt şəbəkəsi qurularaq telefon çəkilişinə başlanılmışdır.
Hesabat ilində ən çox iş görülən sahələrdən biri də rayonun qazlaşdırılmasıdır. Ötən dövr ərzində 6880 evə qaz xətti çəkilməklə rayon üzrə abonent sayı 18250 nəfərə çatdırılmışdır. Beləliklə, rayonun 54 yaşayış məntəqəsinin qazlaşdırılması tam başa çatdırılmışdır. Qabaqçöl istiqamətində kəndlərin qaz təminatının yaxşılaşdırılması məqsədilə C. Cabbarlı küçəsindən 8 km məsafədə 200 mm-lik orta təzyiqli qaz xətti çəkilmiş, qaz paylayıcı məntəqə quraşdırılmışdır.
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində magistral və şəhər su xətlərinin 224 p/m-lik hissəsi dəyişdirilmiş, su xətlərində cari təmir işləri aparılmışdır. Rayonun kəndlərində 10 artezian quyusu qazılmış, Sarıbulaq kəndində 700 p/m su xətti çəkilərək şəbəkə qurulmuş, Xalatala kəndində isə 2500 p/m məsafədə su xətti dəyişdirilərək plastik boru ilə əvəz edilmişdir.
2013-cü ildə rayonda elektrik enerjisinin verilişi sahəsində keyfiyyətin artırılması üçün 98 ədəd transformator cari, 27 ədəd transformator isə əsaslı təmir edilmişdir. 10 kv-luq hava xətlərinin əməliyyat yerlərində 10 ədəd xətt ayırıcıları quraşdırılmaqla 158 ədəd, 0,4 kv-luq hava xətlərində 53 ədəd dayaq basdırılmışdır. Rayon ərazisində 9 km məsafədə 0,4 kv-luq elektrik verilişi xətləri SİP kabellə əvəz edilmişdir.
Hesabat ilində payız-qış mövsümünə hazırlıqla bağlı istehlakçılara istilik xidməti göstərilməsi sahəsində qazanxanalarda zəruri təmir işləri aparılmışdır.
2013-cü ilində şəhərin H. Əliyev prospektində və Ə. Ansuxski küçəsində iki çoxmənzilli binanın və 2 saylı şəhər uşaq bağçasının məhəllədaxili və binadaxili istilik sistemi qurulmuş, iki qazanxana tikilərək istifadəyə verilmişdir.