Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Region haqqında
Coğrafi mövqeyi

Balakən

Balakən rayonu Azərbaycanın Şimal-qərbində Böyük Qafqazın cənub yamaclarında, Alazan Həftəran vadisində yerləşir. Təbii ehtiyat zənginliyinə, iqtisadi potensialına və mədəni irsinə görə fərqlənən Balakən rayonu şimalda Rusiya Federasiyası (Dağıstan Muxtar Respublikası), qərb və cənub-qərbdə Gürcüstan Respublikası, şərqdə isə Zaqatala rayonu ilə həmsərhəddir.
Ərazisi 934 km2 olan Balakən rayonunun 45,4 min hektarını meşələr, 32,8 min hektarını Dövlət qoruğu, 18,2 min hektarını əkin sahələri, 6,9 min hektarını bağlar təşkil edir. Ümumi torpaq fondu 92,4 min hektardır.
Rayonun relyefi şimalda və şimal-qərbdə dağlıq, cənubda isə düzənlikdir. Dağlar əsasən meşəli dağlardır və şimalda alp düzənliklərinə qədər uzanır. Ən hündür dağların zirvələri avqust ayına qədər qarlı olur. Bu da dağ turizminin, alpinizminin, dağ idman növlərinin inkişafına şərait yaradır. Həmçinin, Zaqatala Dövlət Qoruğunun üçdə iki hissəsi Balakən ərazisində yerləşir.
Ən hündür dağ zirvələri: Quton zirvəsi, Saqaltar zirvəsi
Aşırımlar: Qubek, Tinovrosso (Suayıran)
Şəlalə: Katex şəlaləsi - hündürlüyü 20 m, eni 4 m-dir.

İqlimi
Rayonda 4 iqlim qurşağı mövcuddur. Düzənlik və dağətəyi hissədə mülayim və yarımrütubətli subtropik, yüksək dağlıq yerlərdə soyuq və rütubətlidir. Rayonun 65% - ində subtropik iqlim qurşağı mövcuddur.
Yanvar ayında orta temperatur - 1,5; - 7,8 dərəcə, iyulda + 10,5; + 24,5 dərəcə təşkil edir. İllik yağıntının miqdarı 600mm-dən 1400mm-ə qədər olur.
Maksimum temperatur adətən iyul ayında müşahidə olunur və + 40 dərəcəyə çata bilər. Yağıntıların illik miqdarı 890 mm-dir. Buxarlanmanın illik miqdarı 824 mm-dir.

Təbii ehtiyatları
Balakən rayonu olduqca zəngin faydalı qazıntı ehtiyatına malikdir. Bunlardan ən böyükləri Filizçay, Tenros, Katsdağ və Katex kolçedan polimetal yataqlarıdır. Bu yataqlar mis, qurğuşun, sink və kükürdlə zəngindir. Ehtiyatlarına görə Filizçay Avropada ən iri yataqlardan biri sayılır. Əlvan metallurgiya üçün qiymətli xammal mənbəyi olan bu yataqların istismarı Respublikamızın iqtisadi inkişafında mühüm rol oynaya bilər.
Zəngin ehtiyatlara malik Balakən meşələrində fıstıq, palıd, şabalıd, eldar şamı, ağ şam, qara şam, cökə, vələs, qoz, qızılağac, lapan, qovaq, yalanqoz, göyrüş, fındıq, qafqaz xurması, dəmir ağac və s. ağaclar bitir.
Dağ meşələrində bitən yabanı qida bitkilərindən armud, alma, fındıq, zoğal, nar, sumaq, əzgil, yemişan, alça və s. qeyd etmək olar
Balakən rayonunun meşələrində təbabət əhəmiyyətli 150 növ dərman bitkisi vardır ki, bunun da 80 növünün ehtiyyatı külli miqdardadır. Bunlardan itburnu, altey (gülxəmi) dağ zanbağı, yemişan, kəndəlaş, su bibəri, yarpız, nanə, kar gicitkən, andız,qızılçətir,baldırğan,biyan,göyəm,dazı otu, kalina, üçyarpaq yonca, zirinc, çay tikanı, qaragilə, qafqaz rododendromu (jenşen), moruq, böyürtkən, kəklik otu, çobanyastığı, bağayarpağı, əvəlik, razyana və s. göstərmək olar.
Müalicə və süfrə suları istehsalı məqsədi ilə istifadə oluna biləcək təbii süfrə suları və kükürdlü sular mövcuddur.

Ovçuluq və balıqçılıq

Rayonun meşə, düzənlik və dağları müxtəlif ov heyvanları və quşları ilə zəngindir. Həmçinin rayonun çay, nohur və göllərində müxtəlif növ çay və göl balıqları vardır.
Ümumiyyətlə mühafizə olunan heyvan, quş və balıqlardan başqa, digər ev heyvanları, quşları və balıqları ovlamaq üçün şərait vardır. Lakin belə xidmət yerləri yoxdur. Dağ çaylarında farel (qızıl balıq) çoxdur.

Çayları
Ərazidən axan çaylardan ən böyükləri Mazım, Katex, Balakən və cənubda axan Alazan çaylarıdır. Bu çaylar yazda qar, yayda və payızda yağış sularından daşqın əmələ gətirən çaylar qrupuna daxildirlər. Çayların qidalanmasında əsas yeri yeraltı, qar və yağış suları tutur. Yaz mövsümündə, bəzən də iyun ayında yağan yağışlar qarın ərimə prosesini sürətləndirərək tez keçən daşqınlar əmələ gətirir. Odur ki, çay suyunun çox hissəsinin daşqın şəklində axması və lillənməsi onun geniş istifadəsinə maneçilik törədir. Rayon ərazisinin 65 %-ə qədəri subtropikadır. Yağıntı bol (1600-1400mm) olduğu üçün çay şəbəkəsi sıxdır.

Zaqatala Dövlət Qoruğu
Qoruğun üçdə iki hissəsi - 39852 hektar sahəsi Balakən rayonunun ərazisinə düşür. Zaqatala Dövlət Qoruğu Zaqafqaziyada təşkil olunmuş ilk qoruqlardandır. 1928-ci ilin mayında Balakən və 1929-cu ilin axırlarında isə Katex-Mazıx meşə sahələri müstəqil qoruqlar elan edilmişdir.
1930-cu ildə bu iki qoruğun birləşdirilməsindən Zaqatala qoruğu yaradıldı. Qoruq Şimaldan Rusiya, Qərbdən Gürcüstan Respublikası, cənubdan Alazan-Həftəran vadisinə qədər uzanan alçaq dağlıq zonanın yamacları ilə əhatələnir. Qoruğun ərazisi 47,349 min hektardır. Bunun 83 %-ni meşələr, 10,5 %-ni subalp və alp çəmənlikləri, 4 %-ni daşlıq, sıldırımlı sal süxurlu zirvələr, çılpaq dağ yamacları təşkil edir.
Zaqatala Dövlət qoruğu Azərbaycan Respublikasının şimal-qərb qurtaracağında, yəni Böyük Qafqaz sıra dağlarının cənub yamacında yerləşib, Balakən və Zaqatala rayonlarının orta və yüksək dağlıq hissələrini tutur. Burada yüksəklik fərqi xeyli geniş amplitudda - 600-3000 m arasında dəyişir. Ərazinin mürəkkəb səth quruluşu olması burada iqlim şəraitinin, torpaq örtüyünün müxtəlifliyinə, bitki və heyvanat aləminin zənginliyinə səbəb olmuşdur.
Qoruqdan çoxlu çaylar axır. Onlardan ən böyüyü Katex və Balakən çaylarıdır ki, başlanğıclarını qarlı zirvələrdən götürüb, qoruğun bütün ərazisini şimaldan-cənuba kəsib keçirlər.
Burada dəniz səviyyəsindən 1800-2200 m hündürlükdə parkşəkilli subalp meşələri inkişaf etmişdir. 2400 metrdən başlayaraq 2800-3000 m yüksəkliyə kimi davam edən alp çəmənlikləri tədricən qayalıq bitkilərlə növbələnir. Qoruğun aşağı meşə qurşağında palıd,vələs,fısdıq,qarağac, göyrüş, şabalıd, qoz, ayı fındığı, quşarmudu, mundarça, zoğal, əzgil, alça, çarı rododendron, gəndalaş, Qafqaz çayı, müxtəlif növ böyürtkən və başqa kol bitkiləri geniş yayılmışdır.
Qoruqda əsasən dağ keçisi, Qafqaz maralı, köpkər, Avropa cüyürü, qaban, qonur ayı, canavar, tülkü, vaşaq, dələ, Qafqaz uları, tetra quşu və digər vəhşi heyvanlar yaşayır.