Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Region haqqında
Coğrafi mövqeyi

Zaqatala

Zaqatala rayonu Azərbaycan Respublikası ərazisinə daxil olan Boyük Qafqazın Cənub yamaclarında dəniz səviyyəsindən 330 metrdən başlayaraq 3464 metrə qədər hündürlükdə yerləşir. Zaqatala rayonu Rusiya və Gürcüstan dövlətləri və Balakən, Qax rayonları ilə həmsərhəddir.
Zaqatala rayonu əlverişli iqlim şəraitinə malikdir. Buranın mülayim və saf dağ iqlimi, zəngin mineral şəfa bulaqları, gözəl təbii mənzərələri, bol sulu şəlaləsi, kölgəli kiçik dağ çayları, düzənlik və dağ meşələri, cəlbedici təbii güşələr il boyu fəaliyyət göstərən istirahət və turizm mərkəzlərinin yaradılması üçün çox əlverişlidir.
Rayon ərazisində mövcud olan çoxlu tarix və təbiət abidələri, akustik kamfort yaradan quş aləmi, əsasən alp və subalp ərazilərdəki (qoruq ərazisi) vəhşi heyvan sürüləri, bol müalicə əhəmiyyətli meyvə, giləmeyvə ehtiyatları, şərq və qərb istiqamətində qısamüddətli ekskursiyalara çıxmaq üçün rahat şosse yolları turizm potensialını genişləndirən amillərdəndir.
Ilin isti dövründə kurort - rekreasiya imkanlarından geniş istifadə etmək üçün ən əlverişli zona 700-1000 m hündürlükdə yerləşir. Car, Meşleş, Qəbizdərə, Cimcimax, Yuxarı Çardaxlar, Ələsgər, Yuxarı Suvagil, Qalal kəndlərinin ətrafları xüsusi əhəmiyyət kəsb edir. Lakin bu ərazilərə səyahət etmək üçün yol imkanları əlverişli olmadığına görə turist nöqteyi nəzərindən o gədər də aktiv deyil.
Yaz və payız aylarında isə düzənlik zona xüsusilə Qanıx çayının sahilləri diqqəti cəlb edir.

Flora (bitki) xüsusiyyətləri : Zaqatala rayonunun mürəkkəb relyefə və iqlim şəraitinə malik olması zəngin bitki ehtiyatlarının formalaşmasına səbəb olmuşdur. Zaqatala Dövlət Təbiət Qoruğu digər sahələrdə olduğu kimi ərazinin florasının da zəngin olmasında müstəsna əhəmiyyət kəsb edir. Bu ərazidə 1000-ə yaxın bitki növü yayılmışdır. Bu da Azərbaycan florasının ¼ hissəsini təşkil edir. Qoruqda yayılmış bitki növlərindən 12-si Azərbaycanın "Qırmızı Kitab"ına nadir bitki kimi daxıl edilmişdir.
Burada xalq təsərrüfatı üçün əhəmiyyətli olan efir yağlı güllər (qızılgül), özünəməxsus efir tərkibli çay bitkisi, vitaminli, boyaq, aşı maddələri ilə zəngin ağac və ot bitkiləri bitir.
Rayonumuzun "yaşıl əczaxanası" adlandırılan bitki örtüyü zəngindir. Meşələrimizdə qocaman palıd, vələs, qoz, şabalıd, Eldar şamı, giləmeyvəli qaracöhrə və s. kimi planetimizdə məhdud yayılan, lakin qiymətli sayılan ağaclar bitir.
Eyni zamanda mədəni bitkilərdən fərqli olaraq vitaminlərlə zəngin müalicəvi əhəmiyyəti olan zoğal, yemişan, böyürtkən kolu, itburnu, sumax bitkisi, çaytikanı, qafqaz xurması, müxtəlif armud növləri, cır alma kimi yabanı meyvə ağacları, cökə, akasiya, lapan, qaratikan kimi nektarla zəngin ağaclar vardır.

Fauna (heyvan növləri) : Zaqatala rayonu ərazisində 5 növ çütdırnaqlı qiymətli ev heyvanları yayılmışdır. Bütövlükdə 42 növ məməli, 105 növ quş və digər canlı növləri məskunlaşmışdır.. Endemik toyuq növlərinə daxil olan Qafqaz uları və Qafqaz tetrası, məməlilərdən isə vaşaq və köpgər nadirliyi və azsaylığına görə Respublikamızın "Qırmızı Kitabı" na daxil edilmişdir.

Təbiət resursları
Zaqatala rayonu zəngin təbii ehtiyatlara və rayon iqtisadiyyatına gəlir gətirə biləcək kurort-rekreasiya imkanlarına malikdir.
Qoruyucu, sanitar və estetik funksiyaya malik meşə ilə örtülü ərazi 48659 ha sahədən ibarət olmaqla rayonun ümumi ərazisinin 36,09%-ni təşkil edir. Xüsusi qorunan ərazilərə məxsus olan meşə sahəsi 47349 hektardan ibarətdir.
Meşələrin əsas hissəsi dağlıq əraziləri əhatə etməklə, yamacların mailliyindən asılı olaraq cins tərkibi, sıxlığı və digər keyfiyyət göstəriciləri ilə fərqlənir.
Zaqatala rayonunun mürəkkəb relyefi və iqlim şəraitinə malik olması burada zəngin bitki ehtiyatlarının formalaşmasına səbəb olmuşdur. Ərazinin meşə örtüyünün çox hissəsi dağlıq zonada olub üç qurşaq üzrə yerləşir. Aşağı, orta və yuxarı. 
Dəniz səviyyəsindən 1800-2100 metr hündürlükdə subalp zona ilə həmsərhəd ərazilərdə turizm potensialına malik maraq doğuran alleya şəkilli meşələr inkişaf etmişdir. Bir qədər yuxarılarda isə bu meşələri tədricən dağ çəmənləri əvəz edir.
Yüksək və orta dağ yamaclarında palıd, vələs, fısdıq, ağcaqayın, qafqaz ağaclarından cökə, göyrüc, tozağacı, qovaq və s. ağac cinsləri geniş yayılmışdır.
Aran meşələri öz tərkibi və quruluşuna görə zəngin və rəngarəngdir. Alazan vadisinin daha quru və münbit torpaqlarında əsasən uzun saplaq palıd, çay kənarı və çay çöküntülərindən əmələ gəlmiş torpaqlarda qovaq, qurumuş suların yer səthinə daha yaxın hissələrində yalanqoz, qızılağac cinsləri üstünlük təşkil edir. Quru və nəmli torpaqlarda palıd, vələs, qoz, qovaq, yalanqoz, qızılağac, göyrüc, ağcaqayın ağaclarindan və s. cinslərdən ibarət qarışıq meşələr vardır.
Meşələrdə 35 növə qədər dərman bitkilərinə təsədüf edilir. Zaqatala Dövlət Təbiət Qoruğu ərazisində xüsusi əhəmiyyət kəsb edən iynəyarpaqlılardan giləli qaracöhrə dəniz səviyyəsindən 1750 metr hündürlükdə 6-7 ha ərazidə yayılmışdır. Bu bitki Azərbaycan florası üçün nadir hesab olunur. Eyni zamanda qarmaqvari şam, qafqaz rododendronu, ayı fındığı və s. qiymətli ağac növləri bitir.
Zaqatala rayonunun hidroqrafik şəbəkəsi Qafqaz dağlarının cənub yamaclarının alp qurşağında dəniz səviyyəsindən 3000-7000 metr hündürlükdə əmələ gələn dağ çayları ilə xarakterizə olunur.
Bu ərazidən regionun ən iri çaylarından olan Qanıx çayı (Alazan), Muxax çayı (Qaraçay)və sululuğuna görə onlardan bir gədər kiçik olan Tala, Katex və s. çayları keçir. Bu çayların qidalanmasında əsas rolu ərimiş qar suları və yağışlar oynayır. Yay aylarında (iyun-sentyabr) suyun səviyyəsinin azalması baş verir. Bu dövrdə çaylar əsasən qrunt və bulaq suları ilə qidalanır.
Zaqatala ərazisindən axan öz başlanğıcını Böyük Qafqaz sıra dağlarının zirvələrindən götürən Katex çayının qolları olan Poçigelçay və Kilsəçayın birləşdiyi yerdə müalicəvi əhəmiyyətli sulfatlı -mineral bulaq qaynayır. Bu bulağın ətrafında kiçik bir yayla yaranıb. Həmin yaylada çox qədim bir kilsənin xarabalıqları vardır. Kilsəçayın axarı boyunca bu xarabalıqdan 800-1000 metr aralı çox böyük sahəyə malik Piçigel mağarası yerləşir. Mağaranın xarici görünüşü çox cəlbedici və yaraşıqlıdır.
Kilsəçayının katexçaya qarışdığı yerdə suları 20 metr hündürlükdən dərəyə tökülən, çox əzəmətli gözəl şəlalə yaranmışdır. Bu şəlaləyə Qəbizdərə və yaxud Zaqatala şəlaləsi deyilir.
Ümumiyyətlə Zaqatala Dövlət Təbiət Qoruğu ərazisində 10-na yaxın şəlalə var və 15-17 sayda müxtəlif sulfatlı-mineral bulaqlar qaynıyır.
Rayon ərazisində olan təbii sularda ftor və yod elementlərinin az olması əsas xarakterik cəhətlərdəndir. Bu elementlərin az olması nəticəsində insan və heyvan orqanizmində müxtəlif xəstəliklərin (saçların və dırnaqların inkişafının zəiflənməsi, dişlərdə karies , endemik zob) əmələ gəlməsinə səbəb olur.
Rayon ərazisində çoxlu bulaqlar, kükürdlü sular mövcuddur. Bulaqların mineral tərkibində kalsium və maqnezium, hidrokarbonatlar vardır. Bu təbii sular daha çox dağ silsilələrində yerləşir.
Eyni zamanda təbii müalicə əhəmiyyəti kəsb edən mineral bulaqlar (Kovana-Cimcimax kəndinin yuxarı tərəfində yerləşir, Bazar, Qımır, Əliabad, Sabunçu və s.) var.