Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Region haqqında
Tarix

Qax

Azərbaycan Respublikasının  dilbər  guşələlərindən  biri  olan  Qax  rayonu  1930- cu  ildə təşkil  olunmuşdur. 1963-cü ildə Qaxın ərazisi Zaqatala rayonuna birləşmişdir. 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Ərazisi1494 km2-dir. Bir şəhər, 60 kənddən ibarətdir. Əhalisi 54 500 nəfərdir. Onlardan 77 % -i azərbaycanlılar, 14 %-i ingiloylar, 5 %-i saxurlar, 1 %-i ləzgilər və 3 %-i digər millətlərin nümayəndələridir. Şəhər əhalisi 12500 nəfərdir. Qax şəhəri dəniz  səviyyəsindən 550 metr yüksəklikdə  yerləşir.     Bakı şəhərindən  Qax şəhərinədək olan avtomobil  yolunun uzunluğu 420  km-dir.    Milan (Italiya), Aşvill (ABŞ), Burqas (Bolqarıstan), Potensa(İtaliya)  şəhərləri  Qax  üçün iqlim analoqu  ola  bilər. Rayonun iqlimi  mərkəzi  hissədə mülayim  isti və yarımrütubətli  subtropik,  yüksək  dağlıqda  soyuqdur.

    Zəngin təbii-coğrafi  şəraitə  malik Qax rayonu Baş Qafqaz silsiləsinin cənub  yamaclarından  başlayaraq  Alazan-Həftəran   vadisi  boyu Acınohur  gölünə qədər  uzanır.  Ərazinin  hündürlüyü  Acınohur  gölünün  sahilində 100 m, Ahvay dağında  3480 m-dir. Şimal- şərqdən Rusiya Federasiyasının Dağıstan Respublikası, cənub-qərbdən Gürcüstan Respublikası, şimal- qərbdən Zaqatala ,cənub- şərqdən  Şəki və cənub- qərbdən Samux inzibati rayonları  ilə  həmsərhəd olan rayon 1493,8  km2 ərazini  əhatə  edir. Kürmük, Qaşqaçay, Əyriçay, Qapıçay  və  s. çaylar   rayonumuzun  Gürcüstanla   sərhəddi  boyu  axan  Qanıx(Alazan) hövzəsinə  aiddir.

    Ərazisinin 40 %-ə qədəri  dağ və meşə  olan  rayon  zəngin bitki  örtüyünə və heyvanat  aləminə  malikdir. Qaxın florasında 76 fəsiləyə, 290 cinsə daxil olan 500 növ, 1 relikt, 7 nəsli kəsilməkdə olan arealı azalan 18 nadir növ, ümumiyyətlə Azərbaycanın “Qırmızı kitab” ına daxil edilən və qorunması tövsiyyə olunan 30 bitki növü vardır. Qarabağla bərabər Xarı bülbülün vətəni həm də Qax rayonu sayıla bilər. Çünki Qaxın çəmənliklərində də bu nadir bitkiyə tez-tez rast gəlinir.

    Qaxda həmçinin 150-dək dərman bitkisi yetişir ki, bunlardan da xalq təbabətində, fitoterapiyada  geniş istifadə olunur.

   Ümumiyyətlə Qaxın təbiətində 35 növ məməli heyvan və 50-dək quş növü vardır.