Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qaxda “C.Cabbarlı yaradıcılığında qadın obrazları” adlı dəyirmi masa keçirilib

09.04.2019

C.Cabbarlı adına Qax rayon Mərkəzi Kitabxanasında C.Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş “Cabbarlı yaradıcılığında qadın obrazları” adlı dəyirmi masa keçirilmişdir. 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur. Cənab Prezident İlham Əliyev C.Cabbarlının anadan olmasının 120 illiyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalamışdır. Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Tədbiri MKS-in direktoru Güllü Əhmədova bu sözlərlə açmışdır. Tədbirin aparıcısı Solmaz Əfəndiyeva Cəfər Cabbarlının şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olaraq, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasından danışaraq, ədibin yaratdığı güclü xarakterlər və obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verdiyini bildirmişdir. Dəyirmi masada kitabxananın əməkdaşlarından Ahidə Əfəndiyeva və Reyhan Xəlilova “Gülzar”, Vəsilə İsgəndərova “Dilarə”, Firuzə Yunusova “Firuzə” hekayələrindən bəhs etmişlər. Əsli İbrahimova isə Cabbarlı yaradıcılığında qadın azadlığından danışmışdır. Mədəniyyət Mərkəzinin əməkdaşlarından Nuriyyə Əlimova, Rəna Mehdiyeva, Gülşad Paşayeva çıxış edərək C.Cabbarlının yaradıcılığında yenilik və müasirlik uğrunda mübarizəni milli ədəbiyyatımıza gətirməsindən söz açıblar. Dəyirmi masada dramaturgiyamızın tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərlərinin milli teatrda mühüm hadisə kimi dəyərləndirilməsi, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynaması  da xüsusi fərəh hissi ilə qeyd edilmişdir.

 

182.1 KB

 

180.3 KB