Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Müxtəlif mədəniyyətlərə və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir

09.01.2021

Şəki Regional Mədəniyyət İdarəsinin Zaqatala rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Fizzə Mahmudovanın Zaqatala rayon İcra Hakimiyyətinin rəsmi saytında məqaləsi dərc olunub.

Məqalədə qeyd olunub ki, dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan Azərbaycan mədəniyyəti, Azərbaycan dili,  milli mənəvi dəyərlər olmuşdur.  Özünəməxsusluğun və milli identikliyin qorunması ölkədə mədəniyyət siyasətinin əsas strateji prioritetlərindəndir. 

Xalqın dilinin inkişaf etdirilməsinə, zənginləşdirilməsinə göstərilən diqqət və qayğı onun milli-mənəvi varlığının qorunub saxlanılması və daha da möhkəmləndirilməsi deməkdir. Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər görüldü. Ümummillli lider hər zaman öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı.  Dilimizə dövlət səviyyəsində belə yanaşmanın nəticəsidir ki, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Ümummilli Liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət dil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməsi Cənab Prezident tərəfindən diqqətdə saxlanılır. 

Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısı və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər günü-gündən artmaqdadır.  YUNESCO ilə sıx əlaqələrimiz milli-mənəvi dəyərlərimizi dünyada tanıtmaq sahəsində əhəmiyyətli rol oynayır. Artıq mədəni irsimizin qiymətli nümunələri bu təşkilatın Qorunan Mədəni İrs siyahısında yer alıb. Azərbaycan xalqının qədim və zəngin tarixinin, mədəni irsinin mühüm bir qolunu da muğam sənəti təşkil edir. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyə olunması, istedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması zamanı obyektivliyin gözlənməsi , tarixi abidələrin qorunması, yararsız vəziyyətdə olan mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişinin aparılıb  yenidən siyahıya alınması, azad edilmiş torpaqlarda görüləcək işlər ölkəmizdə reallaşan mədəniyyət siyasətinin qarşısında duran əsas strateji fəaliyyət istiqamətləridir. 

Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir. Ölkə başçısının göstərişi ilə bütün əsas dini abidələr təmir olunub. Bir çoxları, o cümlədən Heydər məscidi yenidən tikilib. Digər məscidlər tarixi simaları qorunmaqla əsaslı təmir edilib. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi  yenidən qurulub. Xristian dini abidələri, alban kilsələri, cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş məbədi təmir edilib. Tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlət kimi bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdiriləcəkdir. 

Azərbaycanda həmçinin çox sayda xristian abidələri vardır, alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi və s. buna misal göstərmək olar. İşğaldan azad olunmuş torpaqlarımızda olan Xudəvəng kilsəsinin görünüşünü dəyişmək, erməniləşdirmək istəsələr də buna nail ola bilmədilər və artıq Xudəvəng kilsəsində udilər öz ibadətlərini edəcəklər. 

Azərbaycanın memarlıq əsərləri də dünya səviyyəsində məşhurdur və bu memarlıq əsərləri Azərbaycan mədəniyyətin və incəsənətinin vizit kartlarındandır. Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı kimi təkrarolunmaz memarlıq abidələri UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır. Eyni zamanda Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi son illərdə yaradılmış memarlıq nümunələri dünyanın ən uğurlu memarlıq layihələrindəndir. Bölgələrdə müasir memarlıq abidələrinin sayının getdikcə artması ölkəmizin sürətli inkişafını əks etdirir.

2021-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə “Nizami ili” elan olundu. Bu isə bir daha dövlət tərəfindən Azərbaycan ədəbiyyatına və mədəni irsinə ayrılan yüksək diqqətinin təcəssümünün göstəricisidir.  Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəvinin bu il 880 illik yubileyi böyük təntənə ilə qeyd olunacaqdır. Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

İşğaldan azad edilmiş torpaqlarda həyata keçiriləcək yeni infrostruktur layihələri Qarabağın bütün regionun mədəni mərkəzinə çevrilməsinə səbəb olacaq, Füzulidə tikiləcək beynəlxalq aeroport xarici qonaqların Şuşaya dəvət olunması üçün imkan yaradacaqdır. Artıq bu gün Qarabağda quruculuq, bərpa işləri həyata keçirilir. Çox yaxın zamanlarda Şuşamızın, bütün işğaldan azad edilmiş ərazilərimizin əvvəlki simasına qayıtdığını görəcəyik. Şuşanı “Azərbaycanın mədəniyyət paytaxtı” elan edən cənab Prezident İlham Əliyev bildirib ki, Şuşanın regionun mədəni paytaxtına çevrilməli və bu il orada "Vaqif poeziya günləri" və “Xarı bülbül” festivalı bərpa olunmalıdır.

Azərbaycan xalqı yaradıcı xalq kimi tarixdə öz sözünü deyib, deməkdə də davam edəcək. Xalqımızın elə qədim yaradıcılıq nümunələri, sənət növləri var ki, onların dünyada analoqu yoxdur. Bu sənət növləri o qədər rəngarəngdir ki, orada xalqımızın bütün ruhu, əhval-ruhiyyəsi, mənəviyyatı, məişət mədəniyyəti əksini tapıb. Xalqımızın dəyərli sənət növləri neçə min il bundan əvvəl yaranaraq formalaşmağa başlayıb. Aşıq sənəti unikal sənət növüdür. Bu sənəti Azərbaycan cəmiyyətinin mənəvi aləminin ruhunda və qanındadır. Eyni zamanda tətbiqi sənət nümunələrinin inkişafı mədəniyyət siyasətinin qarşısında duran önəmli vəzifələrindəndir. Xalçaçılıq sənəti Azərbaycanın ən qədim və məşhur xalq sənətləri növlərindən biridir. Bu sənət növü Azərbaycanda çox qədim tarixə malikdir. 

Multikultural dəyərlər Azərbaycan milli mədəniyyətinin ayrılmaz keyfiyyətidir. Bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur. Azərbaycanda yaşayan bütün xalqların milli mədəniyyəti qorunur. Müxtəlif mədəniyyətlərə və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir. Artıq dünyada multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan nümunəsi öyrənilir.

Ermənistan Azərbaycana qarşı mədəni soyqırımı törətmişdir. Tarixi Azərbaycan torpaqları üzərində yoxdan dövlət yaratmaqla çalışmaqla bərabər  mədəni irsimizi mənimsəmək, azərbaycanlıların musiqi, mətbəx ənənələrini də oğurlamağa çalışıblar. Azərbaycan torpaqlarını işğal etdikləri vaxt ermənilər çox sayda məscidləri dağıtsalar da heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Azərbaycan isə hər zaman humanist mövqe nümayiş etdirmiş, heç bir erməni tarixi abidəsini dağıtmamışdır. Ümid edirik ki, bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də Azərbaycan dövləti çərçivəsində normal yaşaya biləcəklərini başa düşəcəklər.

 

15.9 KB