Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəkidə görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin əziz xatirəsi anılıb

13.02.2020

Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Xalq şairi Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. O azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.

Bu dəyərli ifadələr fevralın 13-də Şəki şəhərində görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin anım gününə həsr olunmuş tədbirdə səsləndirilib. Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət müəssisələrinin kollektivləri və Bəxtiyarsevərlər iştirak ediblər. Şairin şəhər mərkəzində ucaldılmış abidəsi ziyarət edildikdən sonra, anım tədbiri İ. Nakam adına şəhər Mərkəzi Kitabxanasında təşkil olunmuş “Poeziyamızın Bəxtiyarı” adlı dəyirmi masa ətrafında davam edib.

Tədbir giriş sözü ilə açan Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova bildirmişdir ki, XX əsrin görkəmli şəxsiyyətlərindən biri də böyük istiqlal şairimiz Bəxtiyar Vahabzadədir. O, istər öz yaradıcılığında, istərsə də ictimai fəaliyyətində göstərdiyi xidmətlərinə görə tariximizdə silinməz izlər qoymuşdur. Bəxtiyar Vahabzadənin ölümündən ötən illər bizi ondan ayrmamış, əksinə əsl şairin, sənətkarın, söz adamının ölməzliyinin, qəlblərdə əbədiyaşarlığının nəyə qadir olduğunu bir daha sübut etmişdir.

Sonra B.Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəryəbəyli, Şəki MKS-nin direktoru Seyid Vahabov və 3 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərova çıxış edərək, Xalq şairi ilə bağlı ən xoş xatirələrini səsləndiriblər. Çıxışlarda özünün hərtərəfli parlaq istedadı ilə xalqımızın dərin məhəbbətini qazanmış Bəxtiyar Vahabzadə yaradıcılığının şirəsini el ədəbiyyatından, ətrini Vətən torpağından, ruhunu doğma ana dilindən aldığı, həyatın bütün sahələrinə, insan qəlbinin ən incə, dərin guşələrinə təsir edəcək ölməz əsərlər yaratdığı qeyd olunub.

 

217.1 KB

 

210.5 KB

 

194.9 KB