Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində “Tarixin həkk olub qan yaddaşına” adlı ədəbi-bədii kompozisiya keçirilib

17.01.2020

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. Otuz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olmuşdur. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.

Bu sözlər yanvarın 17-də M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzi və Xocalı şəhər 3 saylı tam orta məktəb kollektivlərinin birgə təşkilatçılığı ilə 20 Yanvar-Ümumxalq Hüzn Gününün 30-cu ildönümünə həsr olunmuş “Tarixin həkk olub qan yaddaşına” adlı tədbirdə səsləndirilib. Tədbirdə Xocalı məktəbinin müəllim və şagirdləri, mədəniyyət işçiləri və Şəki şəhərində yerləşən “N” saylı hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

Tədbir Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb və 20 Yanvar Şəhidləri haqqında video- xronika təqdim olunub. Mədəniyyət Mərkəzinin bədii rəhbəri Rəşad Rüstəmov “Şəhidlər xiyabanı”, Mədəniyyət Mərkəzinin aparıcı metodisti Nazilə Qaffarova “Şəhidlərə bahar salamı”, Xocalı şəhər 3 saylı tam orta məktəbin şagirdlərindən Şəfəq Müseybova “Şəhid anası”, Elcan Həsənov “Sən qalib gələcəksən”, Elgün Cəlilov, İlqar Səmədzadə, Xəyal İbadov və Aytən Həsənova “Şəhidlər”, Orxan Həsənov “On doqquz yanvar”, Mehriban Nəsibova “Şəhidlik” şeirlərini səsləndiriblər. Sonra “Səbuhi”instrumental ansanblının müşayəti ilə müğənnilərdən Sərdar Yunusovun, İdris İdrisovun, Zabil Məmmədovun və Mustafa Salamzadənin ifalarında vətənpərvər mahnılar ifa olunub.

Tədbirin sonunda Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov və Xocalı məktəbinin direktoru Eldəniz Məhərrəmov çıxış edərək, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsinin xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizə tarixinin şanlı səhifəsi olduğunu qeyd ediblər.

Tədbir Şəmistan Əlizamanlının ifasında “Şəhidlər xiyabanı” mahnısının səsləndirilməsi ilə başa çatıb.

 

104.3 KB

 

95.9 KB

 

76.5 KB