Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı çərçivəsində Zaqatala rayon Heydər Əliyev Mərkəzində simpozium keçirilib

29.09.2019

II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı çərçivəsində sentyabrın 29-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində fındıq və digər qərzəkli meyvələrin istehsalı, bu sahənin inkişafının perspektivlərinə həsr olunan simpozium keçirilib.

Tədbiri Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq, II Beynəlxalq fındıq, qoz, şabalıd festivalının rayonun sosial-iqtisadi və mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib. Diqqətə çatdırılıb ki, Zaqatala rayonunda fındıqçılığın çox böyük potensialı var. Fındıqçılıq ötən əsrin ortalarından başlayaraq rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən birinə çevrilib.

İcra hakimiyyətinin başçısı bildirib ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının yüksək ixrac potensialına malik sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda da yeni bağların salınması istiqamətində davamlı iş aparılır. Son dörd ildə fındıq bağlarının ümumi sahəsi 9 min 575 hektardan 19 min 760 hektara çatdırılıb. Fərəhli haldır ki, indiyədək respublikamızda salınan yeni fındıq bağlarının və istehsal olunan məhsulun 30 faizdən çoxu Zaqatala rayonunun payına düşür. 2015-ci ildə rayonda 9 min 283 ton fındıq istehsal olunduğu halda, 2018-ci ildə istehsalın həcmi 15 min 69 tona çatıb. Ötən il Zaqatalanın emal müəssisələri tərəfindən 72 milyon 59 min manat dəyərində fındıq məhsulları ixrac edilib.

Bildirilib ki, hazırda Zaqatala rayonunda fındıq bitkisinin 100-dən çox növü mövcuddur. Uzun illərin təcrübəsi göstərir ki, yerli “Ata-baba” fındıq növü məhsuldarlığı və ləpəsinin yağlılığı ilə digər sortlardan daha üstündür və dünya bazarında alıcıları daha çox cəlb edir.

Simpoziumda çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, ADAU-nun professoru, Əməkdar kənd təsərrüfatı işçisi Firudin Qurbanov, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov və Gürcüstan Fındıq İstehsalçıları Assosiasiyasının rəhbəri Giorgi Kobalia və digər qonaqlar çıxış etmişlər.

Simpoziumun sonunda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyəti sədrinin müşaviri Vüqar Namazov qurumun fəaliyyət istiqamətləri barədə təqdimatla çıxış edib.

 

195 KB

 

157.4 KB

 

187.2 KB