Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki şəhər Heydər Əliyev Mərkəzində “Beynəlxalq Sülh günü”nə həsr olunmuş tədbir keçirilib

05.09.2019

Sentyabrın 5-də Şəki şəhər Heydər Əliyev Mərkəzində “Sülh aylığı” çərçivəsində 21 sentyabr - “Beynəlxalq Sülh günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Şəki Heydər Əliyev Mərkəzinin kollektivi, Şəki Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “KOB Dostunun” nümayəndəsi Elbrus İsgəndərov  və Şəki şəhər Təhsil şöbəsinin nümayəndəsi Tural Səfərov iştirak ediblər.

Mərkəzin direktoru Rəşadət Sadıqov tədbiri açaraq, 1982-ci ildən bəri bütün dünyada “Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma tarixi haqqında məlumat verib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda “Beynəlxalq Sülh Günü” ərəfəsində yəni, 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edildiyi və bu aylıq çərçivəsində müxtəlif marifləndirmə tədbirləri təşkil olunduğunu qeyd edilib. Bildirilib ki, Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Ümumiyyətlə, sülh və sabitlik inkişafın təməlidir. Bu proses hər ölkədə və regionda, onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir. Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunmuş, 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişdir. Təhsil və mədəniyyət ocaqlarımız, dini və tarixi abidələrimiz yerlə-yeksan edilmiş, terrora məruz qalmışdır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını almış, 1994-cü ilin mayında atəşkəs haqqında müqaviləni imzalamaqla müharibənin müvəqqəti də olsa, dayandırılmasına, regionda sabitliyin yaranmasına nail olmuşdur. Bu, həm dövlətimizin sülh arzusunun ifadəsi, həm də həqiqi sülhün bərqərar olması üçün Vətəni hər cür müdaxilədən qoruyacaq və sülhün təminatı rolunda çıxış edəcək hərbi qüdrətə gedən yolun başlanğıcı idi.

Mərkəzin elmi işçisi Zeynəb Cəfərova, Şəki MKS-nin 9 №li kitabxana filialının müdir Rüfanə Həsənova, “KOB Dostunun” nümayəndəsi Elbrus İsgəndərov, Şəki şəhər Təhsil şöbəsinin nümayəndəsi Tural Səfərov çıxış edərək sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və vətəndaşların sülh şəraitində yaşamaq arzusunda olduğunu söyləyiblər.

Çıxışlarda xüsusi olaraq qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin sülhün və əmin-amanlığın əldə olunması istiqamətindəki əvəzsiz xidmətləri bütün dünya xalqları tərəfindən yüksək qiymətləndirilmişdir. Dahi şəxsiyyətin 1999-cu ilnoyabrın 1-də Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi faktı bunun ən gözəl nümunəsidir. Ulu Öndərin sülhsevər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

123.7 KB

 

124.1 KB

 

121.8 KB