Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəki Tarix Diyarşünaslıq Muzeyində “Hüquqlarımızı bilirikmi?” adlı dəyirmi masa təşkil olunmuşdur

04.09.2019

Şəki Tarix Diyarşünaslıq Muzeyində Ombudsmanın müvafiq tövsiyyələrinə əsasən dəyirmi masa təşkil olunmuşdur. Şəki Tarix Diyarşünaslıq və Xalq Tətbiqi Sənəti muzeyləri kollektivlərinin iştirak etdikləri tədbirdə Şəki Tarix Diyarşünaslıq Muzeyinin direktoru Yaqut Cəlalova “Hüquqlarımızı bilirikmi?” mövzusunda məruzə etmişdir. Məruzədə göstərilmişdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, Dünya Birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir.

Azərbaycan Respublikasının 2001-ci ilin yanvar ayının 25-də Avropa Şurasına daxil olması, daha sonra “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etməsi demokratik ənənələrə, ədalətə, yurisdiksiyası altında olan insanlar üçün fundamental hüquq və əsas azadlıqların təmininə sadiqliyin ifadəsidir.

Son illər Respublikanın universal və regional xarakterli beynəlxalq təşkilatlara daxil olması və çoxsaylı beynəlxalq müqavilələrə qoşulması ilə səciyyələnir. Həmin müqavilələrin mühüm bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmişdir. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələri özünün qanunvericilik sisteminə daxil etməklə beynəlxalq öhdəliklərini yerinə yetirmək yolunu tutmuşdur. Beynəlxalq müqavilələr dövlətlərarasındakı beynəlxalq münasibətlərin tənzimlənməsinin, dövlətlərarası əməkdaşlığın inkişafının əsas vasitəsi olmaqla milli qanunvericiliyin tərkib hissəsinə çevrilməkdədir.

İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bağlanmış müqavilələrdə dövlətlərin üzərlərinə götürdüyü öhdəliklər iştirakçı dövlətlərə deyil, onların yurisdiksiyası altında olan insanlara ünvanlanmaqla, ayrı-ayrı fərdlərin hüquqlarının müdafiəsinə yönəlmiş olur. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən tədbirlərin bir hissəsini də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə sisteminin müasirləşdirilməsidir.

“Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanı da məhz insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin təmininə, məhkəmə sisteminin müasirləşdirilməsinə, məhkəmə hakimiyyətinin möhkəmlənməsinə yönəlmişdir.

Sonra dəyirmi masa iştirakçılarının sualları cavablandırılmışdır.

 

159.7 KB

 

178.3 KB