Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib

06.08.2019

Avqustun 6-da Zaqatala rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.

Zaqatala rayonunda baş tutan tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova, Zaqatala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyev, Agentliyin əməkdaşları Pərvin Baxşəliyeva, Elvin Abbasov və Vüsal Əzizov çıxış ediblər.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova bildirib ki, maarifləndirmə tədbiri “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə başçısının imzaladığı Fərmana əsasən həyata keçirilir. Qeyd olunub ki, əhalinin sağlamlığının qorunması və göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə gələn ildən ölkə üzrə icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulub.

Agentliyin əməkdaşları iştirakçılara icbari tibbi sığortanın xidmətlər zərfi, sığortahaqları, azadolma məbləği və s. barədə geniş şəkildə məlumat veriblər. Bildirilib ki, baza hissəyə aid olan ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidmətindən istifadə bütün vətəndaşlar üçün ödənişsizdir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə sığortahaqqı ödənilməlidir. Eyni zamanda, bildirilib ki, imtiyazlı əhali qrupları sığortahaqqından azaddırlar.

Sonda vətəndaşları maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb və iştirakçılara maarifləndirici buklet paylanılıb.

 

164.5 KB

 

162.8 KB

 

210.4 KB