25.06.2019
Oğuz rayon Heydər Əliyev Mərkəzində Oğuz rayonunun yeganə informasiya vasitəsi olan “Oğuz yurdu” qəzetinin 85 illik yubileyi münasibətilə “85 yaşlı söz xəzinəsi - Oğuz yurdu” adlı dəyirmi masa təşkil edildi. Dəyirmi masada Oğuz rayon İcra Hakimiyyətinin, “Oğuz Yurdu” qəzetinin, rayon Gənclər və İdman İdarəsinin, MKS-nin, Tarix-diyarşünaslıq muzeyinin, Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, şəhər 2 saylı məktəbin əməkdaşları iştirak edirdi. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova açdı və Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanovun “Oğuz Yurdu” qəzetinin 85 illik yubileyinin keçirilməsi haqqında Sərəncamını diqqətə çatdırdı. Bildirdi ki, Oğuz rayon Heydər Əliyev Mərkəzi yarandığı vaxtdan artıq 12 ildir ki, “Oğuz Yurdu” qəzeti ilə əməkdaşlıq edir. Mərkəzdə keçirilən tədbirlər, yazılan məqalələr mütəmadi olaraq qəzetdə əks edilir. Daha sonra “Oğuz Yurdu” qəzetinin redaktoru Nazim Hüseynli çıxış etdi. Redaktor qəzetin keçdiyi tarixi yol haqqında məlumat verərək bildirdi ki, "Oğuz yurdu" qəzeti rayon qəzeti olub 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamış, sonralar "Varlı həyat", "Lenin bayrağı" adı ilə fəaliyyət göstərmişdir. 1991-ci ildən ziyalıların, rayon ictimaiyyətinin təşəbbüsü ilə “Oğuz yurdu” adı ilə oxucuları ilə görüşmüşdür. Qəzet nəşrə başladığı ilk illərdən rayon həyatını özündə əks etdirmişdir. Hazırda ayda iki dəfə 500 tirajla çap olunan rayon qəzeti ən çətin vaxtlarda belə fəaliyyətini dayandırmamış, oxucularla ünsiyyətini davam etdirmişdir. Qəzetin ilk redaktoru 1929-cu ildə rayonun Xalxal kəndində müəllim kimi fəaliyyətə başlayan Sultan Əfəndiyev olmuşdur. Sonralar Qara Abidzadə, Abuzər Qasımov, Həsən Nəcməddinov, Şirin Salahov, Nemət Əhmədov, Əyyub Yusifov, Rasim Amanov, Adil Tağıyev qəzetə redaktorluq etmişlər.
Dəyirmi masada çıxış edən Oğuz şəhər 2 nömrəli məktəbin psixoloqu Şükufə İbrahimova, Oğuz Gənclər və İdman İdarəsinin əməkdaşı Aytən Daşdəmirova, “Oğuz Yurdu” qəzetinin əməkdaşı Aybəniz Kərimova qəzetin rayonun iqtisadi, sosial, mədəni həyatının əks etdirillməsində əhəmiyyətli rolundan danışdılar və qəzet haqqında xatirələrini bölüşdülər.
Sonda çıxış edən Oğuz rayon İcra Hakimiyyətinin məsul əməkdaşı İlhamə Abdullayeva Azərbaycanda mətbuatın inkişafına göstərilən dövlət qayğısından danışdı və qeyd etdi ki, rayonun yeganə mətbuat vasitəsi olan “Oğuz Yurdu” qəzeti daim rayon rəhbərliyinin diqqət və qayğısı ilə əhatələnmişdir.