Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Şəki şəhəri
Şəki rayonu Azərbaycanın ən maraqlı, bənzərsiz və gözəl rayonlarından biridir. Rayonun inzibati mərkəzi - Şəki şəhəri böyük Qafqaz dağlarının mənzərəli cənub yamaclarında, qarlı zirvələr fonunda yerləşir. Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Belə hesab edirlər ki, Şəkinin əsası bizim eradan əvvəl I minillikdə qoyulmuşdur. Bu şəhərin 2500-2600 yaşı olması güman edilir. Şəhərin adı vaxtilə bu yerlərdə yaşamış saki qəbiləsinin adından alınmışdır. Qədim Şəki ticarət yolları qovşağında yerləşirdi. O, iri ticarət mərkəzi, ipəkçiliyin və sənətkarlığın yaxşı inkişaf etmiş olduğu bir yer idi. Əsrlər boyu buraya gələn səyyahlar ilk növbədə Şəkinin bazarlarına baş çəkirdilər. Məşhur Şəki bazarlarında şıdırğı alver gedirdi: taxıl ipək, dülüsçuluq məmulatı, döymə işi olan qablar və zərgərlik məmulatları satılırdı. Lakin Şəkini ən çox məşhurlaşdıran - onun ipəyi idi. Avropa, Asiya, Yaxın və Orta Şərq ölkələrindən gəlmiş tacirlər yüngül, güləbətin işləməli duvaq kimi, şəffaf Şəki ipəyini dünyanın müxtəlif ölkələrinə aparırdılar. Böyük İpək Yolu bu ərazidən keçdiyi dövrdə buralarda necə canlanma yarandığını təsəvvür etmək olar. Heyrətamiz gözəlliyə malik olan Şəki xalçaları da çox məşhur idi. 1826-cı ildə A.S.Puşkinin dostu general N.Rayevski bu diyarda olandan sonra qohumlarına yazdığı məktubda buranı belə təsvir etmişdir: «Mənim keçib getdiyim diyar adamı heyran edir. Düşərgəmiz nar, çinar və başqa ağaclar bitən meşədədir. Nuxa əsl möcüzədir. O, Bağçasaraydan qat-qat üstündür... Burada bu diyarın keçmiş xanlarının sarayı var. Bu saray o qədər gözəldir ki, Bağçasaray onunla müqayisədə çox zəif təsir bağışlayır». Şəki ərazisində çoxsaylı arxeoloci abidələrin olması onun çoxəsrlik tarixə malik olduğuna sübutdur. Cüyürlü və Daşüz kurqanları, Yoncalı nekropolu (eramızdan əvvəl II əsr), Qotur təpə adlı qədim məskən, Salman dərə (tunc dövr), Dəhnə kəndindəki qüllə və s. Şəki rayonunu haqlı olaraq Respublikanın memarlıq qoruğu adlandırırlar. Şəki xanlarının sarayı (1762-cı il) turistlərin qəlbində silinməz izlər buraxır. Bu saray xalq memarlığı ilə saray arxitekturası ənənələrinin birləşməsini təcəssüm edən nadir nümunədir. Şəki xanlarının sarayının bir növ kiçildilmiş surəti olan qədim yaşayış binası da böyük marağa səbəb olur. Divarlarda yağlı boya ilə çəkilmiş rəsmlər, pəncərələrdəki zərif şəbəkə xüsusilə qiymətlidir. Evin mərkəzi zalını bəzəyən buxarının üzərində gözəl xətlə bu evə səadət və əminamanlıq dtləyən mətnlər yazılmışdır. Şəkidə XVIII əsrdə tikilmiş Aşağı və Yuxarı karvansaralar hələ də salamat qalmışdır. Yuxarı karvansaranın günbəzi Yaxın Şərqdə ən iri günbəzlərdən biridir. Şəkidən 4 km şimalda, Kiş çayının qərb sahilində, Qaratəpə dağının zirvəsində «Gələrsən - görərsən» qalasının xarabalıqları vardır. Bir vaxtlar düşmənlər üçün əlçatmaz olan bu qala şəhərin gəliş-gediş yollarını qoruyurdu. Qalanın müdafiəçiləri yadelli işğalçılara qarşı mübarizə tarixinə çox rəşadətli səhifələr yazmışlar. Təsadüfi deyildir ki, Lev Tolstoyun məşhur «Hacı Murad» povestində təsvir edilən hadisələrin Şəki qalasında baş verməsi yazılır. Şəhərin lap girəcəyində burada döyüşlərin birində həlak olmuş Hacı Muradın məzarı var. Buraya gələn turistlərə həmin məzarı hökmən göstərirlər. Rayonda başqa qədim abidələr də var. onlara misal olaraq bir neçəsinin adını çəkək. Kiş kəndindəki qədim alban kilsəsi I-II əsrlər). Bu məbəd Kiş adlı dağ çayının sahilindədir. Məbədin binası xalq arasında «şirima» deyilən iri daşdan tikilmişdir. Orta Zəyzid kəndindəki kilsə də (VI-VII əsrlər) elə həmin daşdan tikilmişdir. Kiş kəndindəki Qızlar qalası adlı qüllə IV-V əsrlərə aiddir. VI əsrə aid Cavur qülləsi, XVIII əsrə aid Gileyli məscidinin minarəsi, Şəki şəhərində M.F.Axundovun ev muzeyi, Şin kəndindəki orta əsrlərə aid Şinaz qülləsi, rayonun müxtəlif kəndlərində XIX əsrdə tikilmiş çoxsaylı məscidlər bu qəbildəndir. Şəkidə xalq sənətinin bir sıra növlərini bu gün də yaşadırlar. Şəkili ustalar üstü əlvan naxışlı sandıqlar düzəldir, qadınlar üçün «kələğayı» toxuyur, ipək və məxmər üzərində tikmə işləri görürlər. Yerli ustaların əl işləri arasında «təkəlduz» deyilən, ipək parçalardan istifadə edilməklə toxunan məmulat xüsusi maraq doğurur. Şəhərdə bu və ya digər peşə adlarını göstərən küçə adları hələ də saxlanmışdır: Dulusçular, Zərgərlər, Halvaçılar və s. Öz ustaları ilə ad çıxarmış qədim emalatxanalara baş çəksəniz orada Sizə zərgərlik məmulatlarını, metaldan və ağacdan hazırlanmış müxtəlif suvenirlər təklif edəcəklər. Şəkinin özünəməxsus və zəngin mətbəxi var. görünür, bu yerin sakinlərinin mehribanlığı və şən əhvalı onların şirniyyatı çox sevməsi ilə bağlıdır. Şəkiyə gələnlər qırmabadam, zilviyyə, qoz və düyü unundan bişirilmiş paxlava, nabat, adamın ağzında əriyən şirin pəşvəng halvası və başqa məşhur Şəki şirniyyatını dadmaqdan özlərini saxlaya bilməyəcəklər. Bu sadaladığımız şirniyyat növləri və məşhur Şəki halvasının ətri bütün şəhərdə duyulur. Şəkidən söz düşəndə bu şəhərin daha bir əlamətdar cəhəti - Şəki yumoru barədə susmaq olmaz. Hər il aprel ayının 1-də «Gülüş günü» keçirilir. Axşam saatlarında Şəkinin küçələrində tələsmədən gəzməyə çıxsanız və şəkillərin özünəməxsus ləhcəsinə diqqətlə qulaq assanız görəcəksiniz ki, Sizi əhatə edən insanlar xoş və xeyirxah niyyətli adamlardır. Bənzərsiz təbii gözəlliyi, gözəl abidələri, zəngin ənənələri və özünəməxsus mədəniyyəti, yerli sakinlərin qonaqpərvərliyi və incə yumor hissi ilə ad çıxarmış qədim Şəkinin üstünlükləri siyahısına bu yaxınlarda ucaldılmış gözəl Olimpiya İdman Kompleksini də əlavə etmək olar. Harada qalmaq olar Bakı Neft-yağ istehsalat birliyinin pansionatı Tel. 4 41 02, «Soyuq bulaq» turist bazası Tel, 6 10 35, «Səadət» Tel. 4 47 14, «Marxal» Tel. 6 12 65, «Gələrsən-görərsən» Tel. (50) 335 79 33 istirahət zonaları, «Sahil» pansionatı Tel. 4 54 91, «Şəki» Tel. 4 24 88, (50) 318 31 25, «Şəki-Karvansara» Tel. 4 48 14, 4 31 72 mehmanxanaları turistlərə xidmət göstərir. Harada nahar etmək olar «Yeddi gözəl», «Soyuq-Bulaq» Tel. 6 11 13, «Səadət» Tel. 4 37 04, «Qarabağ» Tel. (50) 337 44 38 restoranları lazımi səviyyədə iaşə xidmətləri göstərir.