Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi

Oğuz şəhəri
Oğuz rayonu Böyük Qafqazın cənub yamaclarında yerləşir və Rusiya Federasiyası ilə həmsərhəddir. Rayon ərazisində ən yüksək nöqtə - Malkamud dağıdır (3879 m). Oğuz rayonunu Azərbaycanın İsveçrəsiadlandırırlar. Bu yerlərin təbiəti çox gözəldir: dağ çayları və vadilər, qaynar çeşmələr və şəlalələr, müalicəvi əhəmiyyətli kükürdlü bulaqlar, sərt qayalar... Rayon ərazisinin 40%-i meşələrdən ibarətdir. Rayonda qoz, fındıq, alma, armud, gilas, zoğal, yemişan, böyürtkən, moruq, alça, qaragilə və başqa meyvə və giləmeyvələr yetişir. Heyvanat aləmində qaban, dağ keçisi, ayı, dovşan, qırqovul, kəklik, turac, qaz, eləcə də alabalıq və naqqa balıqları geniş yayılmışdır. Bu yerlərdə hələ neolit dövründən başlayaraq insan məskənləri olmuşdur. Bizim eranın ilk əsrlərində bu rayonun ərazisi Qafqaz Albaniyasına, XVIII əsrdə isə Şəki xanlığının tərkibinə daxil idi. Kərimli və Qarabaldır kəndlərinin yaxınlığında aparılmış arxeoloci tədqiqatlar nəticəsində həmin ərazidə qədim insan məskənlərinin olduğu müəyyən edilmiş, tuncdan hazırlanmış bıçaqlar, qılınclar, nizə üçün ucluqlar, daşdan yonulmuş qadın fiqurları, müxtəlif bəzək əşyaları və başqa maddi tapıntılar aşkar edilmişdir. Rayonda çoxsaylı tarixi abidələr var. onlara misal olaraq Oğuz şəhərindəki alban məbədini, rayon mərkəzindən 20 km aralıda yerləşən Muxas kəndindəki IX əsrə aid üç mərtəbəli qülləni göstərmək olar. Xaçmaz kəndində VII əsrə aid müdafiə təyinatlı Govur qalası ən mühüm tarixi abidələrdən sayılır. Rayon mərkəzindən 40 km məsafədə Qaradağ dağının zirvəsində yerləşən bu qüllə ayrıca su kəmərinin vasitəsilə içməli su ilə təchiz olunurdu. Rayon mərkəzindən 53 km aralıda, Filfilli kəndindən bir qədər kənarda Dağıstana gedən yolun kənarında yerləşən Surxayxan qalası (XVIII əsr), Qalaçay çayının şərq sahilində çay daşından ucaldılmışdır. Oğuz şəhərində sinaqoq (1849-cu il), Kərimli kəndində isə XV əsrə aid türbə yerləşir. Qədim abidələrin bir qismi hələ də istifadə üçün yararlı vəziyyətdədir. Bunlara misal olaraq XIX əsrdə Sarısu çayının üstündən salınmış Daşüz körpüsünü (rayon mərkəzindən 30 km məsafədə, Xaçmaz kəndinin yaxınlığında yerləşən bu körpüyə el arasında Hacı Rəşid körpüsü deyilir), Sincan kəndində XVIII əsrdə tikilmiş məscidi göstərmək olar. Azərbaycanda hazırda fəaliyyət göstərən ən qədim məktəblərdən bir neçəsi 1883-1887-ci illərdə Padar, Xaçmaz kəndlərində və Oğuz şəhərində tikilmişdir. Rayonda xalçaçılıq, metal və ağac üzərində oyma, zərgərlik kimi xalq sənəti ənənələri davam etdirilir. Filfilli kəndindəki yerli sənətkar qadınlar sifarişlə xalça, cemper, şarf və başqa məmulatlar toxuyurlar (Tel. 7 52 44). Baş Başaqlı kəndində ağac və taxtadan müxtəlif ev müxəlləfatı, çötçələr və başqa əşyalar hazırlayırlar. (Tel. 7 45 55). Rayon mərkəzindən 15-20 km məsafədə balıq və heyvan ovlamaq üçün münasib yerlər var. hər bir kənddə yerli sakinlərdən seçilmiş bələdçilər Sizi müşayiət edəcək. Heyvan və balıq ovu Ovçuluq Cəmiyyətinin və Ekologiya İdarəsinin icazəsi ilə xüsusi qaydalar əsasında aparılır. Harada qalmaq olar Rayonun mərkəzində 25 yerlik mehmanxana Tel. 5 21 84 fəaliyyət göstərir. Şəxsi evlərin kirayəsi haqqında məlumatı şəhər bələdiyyəsindən almaq olar. Tel. 5 24 00. Harada nahar etmək olar «Qaynama» Tel. (50) 330 54 54, 357 75 80, «Soyuq bulaq», «777» Tel. 5 33 00, «Sahil», «Venqey», «Qöbür», «Şahdağ», «Kərimli» restoranları rayona gələn qonaqları heyran qoyur.